Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "Karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır"



Newscenter.az.2.06.2020. “Ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması, eyni zamanda karantin dövründə əhalinin sosial rifahının qorunması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən xüsusi minnətdarlıq hissi ilə qarşılanır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Anar Məmmədov səsləndirib. O, qeyd edib ki, Azərbaycan sivil dünyaya açıq dövlətdir, iqtisadiyyamızın qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir:

“Bu baxımdan fevralın sonunda artıq xeyli dövlətə ayaq basmış koronavirusun respublikamızda da qeydə alınması təəccüblü sayılmadı. Lakin əsas odur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsin ortaya qoydu. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirildi. Belə bir çətin dönəmdə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərt idi. Respublikamızda isə dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı. Ən mühümü odur ki, ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin problemlə mübarizədə qətiyyətini, atdığı addımlarla insanların yanında olduğunu gördü. Ümumiyyətlə cənab Prezidentin son üç aylıq fəaliyyətinə nəzər saldıqda görərik ki, dövlət başçısı koronavirusla mübarizənin qarşısının alınması və karantinlə əlaqədar vətəndaşların sosial rifahının pisləşməməsi üçün gərəkən bütün addımları atıb. Beləliklə, tətbiq olunan xüsusi rejim şəraitində biz xalq olaraq pandemiyanın ilkin mərhələsindən az itkilərlə çıxdıq”.

Millət vəkili qeyd edib ki, bu gün xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə olunmaması əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermir:

“Yoluxma sayı bəzi hallarda 250-ni ötür. Xatırladım ki, problemə laqeyd yanaşılmasının acı nəticələri bir sıra Avropa ölkələrində bu günə kimi də özünü göstərməkdədir. Qısa müddətdə yenidən virusa yoluxmaların çoxalması isə ilk növbətə vətəndaşların laqeydliyi və məsuliyyətsizliyindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, vətəndaşlar ölkəmizdə koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr, nəticədə daha çox yoluxma hallarının və risklərin artmasına gətirib çıxaracaq. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Hər kəs gigiyenik qaydalara əməl etməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bu ilk növbədə, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Buna görə də həmrəylik nümayiş etdirib, TƏBİB tərəfindən pandemiya il əlaqədar olan maarifləndirmə işlərinə ciddi şəkildə riayət edək, gələcəyimiz naminə bütün qaydalara məsuliyyətlə yanaşaq. Əks təqdirdə karantin rejiminin yenidən sərtləşdirilməsi artıq günün tələbi olacaq”.

Mehman
Xəbəri paylaş