Newscenter.az.3.06.2020. Paytaxtın təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin (GÇH) iştirakı ilə videokonfrans keçirilib. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən videokonfransda Xəzər rayonu məktəblərində çalışan GÇH rəhbərləri, TDM və Xəzər rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Videokonfransın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək, X-XI sinif şagirdlərinin hərbi xidmətə hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işləri müzakirə etmək, bu sahədə atıla biləcək addımların müəyyən olunması yolunda fikir mübadiləsi aparmaqdan ibarətdir.
Pandemiya dövründə GÇH rəhbərlərinin fəaliyyət prioritetlərinin müzakirəsinə həsr olunan belə videokonfransların paytaxtın digər rayonları üzrə keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, mövcud tibbi-profilaktik vəziyyətlə bağlı evdə qalan şagirdlərin fiziki fəallığını artırmaq və onlarda vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə GÇH rəhbərləri mütəmadi olaraq onlayn şəkildə yuxarı sinif şagirdləri ilə görüşlər keçirirlər.