Newscenter.az.3.06.2020. OPEC+ formatının iştirakçı ölkələri neft hasilatını hazırkı - 9,7 milyon barel azaltma müddətini uzatmağın iki variantını müzakirə edirlər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nümayəndə heyətlərindən bir mənbə bu barədə bildirib:
“Hazırda iki variant müzakirə olunur. Birincisi, razılaşmanı sentyabr ayınadək uzatmaqla bağlıdır, amma burada vacib şərt kimi avqust ayında şərtlərin dəyişdirilə biləcəyi qeyd edilir. Əksəriyyət isə mövcud şərtləri ilin sonunadək uzatmağa meyllidir. Hərçənd hər iki varianta dair yekdil fikir yoxdur”.
Həmçinin OPEC+ formatının iclasının nə vaxt keçiriləcəyinə dair qərarın hələlik verilmədiyi də diqqətə çatdırılıb.
Xatırladaq ki, aprel ayının 12-də OPEC+ formatı çərçivəsində hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılması razılaşdırılıb.
OPEC+ ölkələri iyunun 9-10-da videokonfrans rejimində bazardakı vəziyyəti və sazişin ilk nəticələrini müzakirə etməyi nəzərdə tutur. İyunun 8-də isə OPEC+ çərçivəsində Monitorinq Komitəsinin iclasının keçirilməsi planlaşdırılır.