Newscenter.az.3.06.2020. Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.
Zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar.
Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.
Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.