Newscenter.az.3.06.2020. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində istehsalına başlanılan təxminən 100 adda yeni ehtiyat hissəsinin daxili tələbatı ödəməklə yanaşı, əməliyyat şirkətləri və digər xarici firmalara satışı planlaşdırılır
Newscenter.az xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) fəaliyyətində təhlükəsizlik, yenilik, insan amili və digər mühüm məqamları əsas götürərək Dövlət Neft Şirkətinə məxsus neft-qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsini, neft və qazın hasilatı və təhvilini, quyuların cari və əsaslı təmirini, qazın yeraltı qaz anbarlarında təhlükəsiz və etibarlı şəkildə saxlanmasını həyata keçirir. Qarşıda duran əsas hədəflərə çatmaq, o cümlədən minimum xərclə maksimum nəticə əldə etmək, əməliyyatların mükəmməl şəkildə həyata keçirilməsini təmin etmək, həmçinin beynəlxalq standartlara cavab verəcək sistem qurmaq üçün uğurlu addımlar atılır.
Son illərdə öz fəaliyyətini genişləndirən və daha da təkmilləşdirən “Azneft” İB-nin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində (DQTKEİM) “minimumu xərc, maksimum səmərə” prinsipinin həyata keçirilməsində mühüm layihələr həyata keçirir. Müəssisənin əsas fəaliyyəti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan təxminən 150 adda ehtiyat hissəsi istehsal edilir. DQTKEİM-də neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur. Müəssisənin hazırda 3 sahəsi - Dalma elektrik mühərriklərinin təmiri sahəsi, Çuğuntökmə sahəsi və Mexaniki emal sahəsi fəaliyyət göstərir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi beynəlxalq standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla yenidən qurulub. Yenidənqurmadan sonra müəssisədə “Azneft” İB-nin neftqazçıxarma idarələrinin tələbatını ödəmək üçün neftqazçıxarma və qazma avadanlıqlarının müxtəlif ehtiyat hissələrinin istehsalı və təmiri həyata keçirir.
“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun sözlərinə görə, 50 ildən artıqdır ki, neftqazçıxarmanın müxtəlif sahələrində DQTKEİM istehsalı olan avadanlıqlardan istifadə edilir: “Aparılan əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmir arası müddətin uzanmasına nail olunacaq və bu da ümumi maliyyə dayanıqlılığına mühüm bir töhfə olacaq. Müəssisədə daxili tələbatın ödənilməsində digər şirkətlərlə müqayisədə rəqabətqabiliyyətlilik daha da artırılır. Bunun üçün innovasiyaların tətbiqi daha da genişləndirilir”.
DQTKEİM bu gün “Azneft” İB ilə yanaşı, digər əməliyyat şirkətləri üçün də müxtəlif xidmətlər göstərir. Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Eksperimental İstehsalat Müəssisəsinin sifarişçilərin etimadını qazanmaq məqsədi ilə onlara kompleks xidmət göstərdiyini bildirən müəssisənin baş mühəndisi Asəf Seyidov bildirir ki, bu, təmir, istehsal və kirayə xidməti kimi işləri əhatə edir: “Bunun nəticəsində dalma avadanlığı daha səmərəli istismar edilir və neft hasilatının maya dəyəri aşağı düşür. İşlərin yüksək kefiyyətlə icra edilməsinə isə zəmanət veririk”.
A.Seyidov vurğulayır ki, Mexaniki emal sahəsində yeni ehtiyat hissələrinin istehsalına başlanılıb: “Əvvəllər bu məhsullar kənar təşkilatlar və xarici ölkələrdən alınırdı. Artıq “Azneft” İstehsalat Birliyi bundan sonra kənardan ehtiyat hissəsi almayacaq, daxili imkanlar hesabına öz tələbatını ödəyəcək. Qarşıdakı dövrdə müəssisə üzrə istehsal olunan ehtiyat hissələrinin sayının dəfələrlə artırılaraq minə çatdırılması nəzərdə tutulur”.
İstehsalına başlanılan təxminən 100 adda yeni ehtiyyat hissəsinin yüksək keyfiyyətlə hazırladığını bildirən Mexaniki emal sahəsinin rəis müavini Ramil Mürsəlov bu sıraya MB-125 markalı nasosun porşeni və polad içlikləri, NB-32 və NB-125 markalı nasosların klapan qapağının kipgəci, ştok kipgəci, rezin məmulatlarının hazırlanması üçün pres qəlblər, ZB-250 markalı nasosun plunjerinin kipgəci, SUS markalı quyuağzı kipgəc üçün rezin kipləşdirici, dayaq halqası, SNS-105, SNS-180, SNS-300 markalı nasoslarda yarımmuftalar üçün rezin barmaqcıqlar, UNB-600 markalı nasosun klapan qapağının kipləşdiricisi üçün pres qəlblər, mancanaq dəzgahları üçün müxtəlif ölçülü qasnaqlar (şkif), 9MQR-61 markalı nasosun uzun ştoku, dozator nasosunun plunjeri, elektrik mühərrikinin qapağı, soyutma pəri, kabel birləşdirici qutusu və s. ehtiyat hissələrinin daxil olduğunu qeyd edir.
Hazırda müəssisədə yeni istehsalla bərabər neft-mədən avadanlıqlarının əsaslı təmiri də həyata keçirilir. Sıradan çıxmış bəzi ehtiyat hissələrinin artıq tam bərpa olunaraq yenidən istifadə üçün NQÇİ-lərə verilməsi prosesinə başlanılıb. Bu sıraya dartıcı rolik və ştanq elevatoru, NB-32 və NB-125 markalı nasosların oymaqları, 11 kVt-ALARKO tipli dalma nasosları, 22 kVt-ALK tipli dalma nasosları, 5,5 kVt-3000 d/d AİR-100L-2 tipli elektrik mühərriki, 11 kVt-1500 d/d AERM-132-2 tipli elektrik mühərriki, 7,5 kVt- 1500 d/d T-132-S2 tipli elektrik mühərriki daxildir.
Mexaniki emal sahəsinin işçiləri - dalma nasoslarının təmirində istifadə olunan metal ehtiyyat hissələrinin emalını həyata keçirən tornaçı Emil Qədirov, sahədə olan bütün növ metal ehtiyyat hissələrində frezləmə işləri aparan freyzerçi (frezləmə-metal üzərində cizgiyə uyğun olaraq emal işi görmək) Rəhman İbrahimov, proqramla idarə olunan dəzgahlarda proqramların yazılması və tətbiq olunmasını həyata keçirən mühəndis Ülvi Salehli, rezin məmulatların istehsalını həyata keçirən rezin-presləyici Ayşən Şükürova, dalma nasoslarının təmirində istifadə olunan plastik ehtiyyat hissələrinin emalını həyata keçirən tornaçı Xatirə Bəyazova və başqalarının səyi və böyük əməyi nəticəsində istehsal olunan bu məhsulların əməliyyat şirkətləri və digər xarici firmalara satışı da planlaşdırılır.
Zaur