Newscenter.az.4.06.2020. Bakı Mühəndislik Universitetinin (BMU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planında bir sıra yeni ixtisaslar əks olunub. Onların sırasında Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisası yer alıb. Bu ixtisasla bağlı suallarımızı BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti, t.e.n., logistika və nəqliyyat sahələri üzrə tanınmış mütəxəssis Rauf Məmmədov cavablandırır:
- Rauf müəllim, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasının qəbul planına əlavə olunması hansı zərurətdən irəli gəlir?
- Azərbaycan öz geosiyasi və coğrafi mövqeyinə görə mühüm tranzit ölkədir, ərazisindən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu hal Azərbaycanı Avropa-Qafqaz-Asiya tranzit daşımalarında çox cəlbedici və vacib bir ölkə kimi irəli çıxarır. Azərbaycanda beynəlxalq iqtisadi əlaqələrin və ticarətin intensiv inkişafı nəqliyyat prosesinin daha səmərəli təşkilini tələb edir.
Nəqliyyatda servis - sərnişinlərə, yükgöndərənlərə, yükalanlara daşımaların təmin edilməsi, kompleks xidmətlərin göstərilməsi və əlavə işlərin icra edilməsi daxil olmaqla yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Bu məqsədə nail olmaq üçün ən ilkin və vacib vəzifələrdən biri peşəkar, beynəlxalq tələblərə cavab verən nəqliyyat kadrlarının hazırlanmasıdır. Bu kadrlar müasir tələblərə cavab verən ali təhsil müəssisələrində hazırlanmalıdır ki, BMU da belə bir ali təhsil müəssisəsidir. Buna görə də Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasının BMU-nun bakalavriat qəbul planına daxil edilməsi zərurətdən doğan qanunauyğunluqdur.
- Bu ixtisasın tədrisi üçün universitetdə gərəkli maddi-texniki baza və mütəxəssislər varmı?
- BMU-da yeni ixtisasın tədrisi prosesini təmin etmək üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar vardır. Bununla yanaşı, universitetin müasir maddi-texniki bazası yeni ixtisas üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlığını təmin etmək üçün müvafiq tələblərə cavab verir. Belə ki, kifayət qədər auditoriya fondu, laboratoriya otaqları, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı vardır. Tələbələrin istehsalat təcrübələrini təşkil etmək üçün “Abşeron” Logistika Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ” QSC, “166 Yük Taksisi” və onlarla digər nəqliyyat-logistika şirkətləri ilə əlaqələr qurulub.
- Rauf müəllim, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasını abituriyentlər nə üçün seçməlidir? O baxımdan ki, müasir ixtisaslar həm də əmək bazarındakı tələbata cavab verməlidir. Nəqliyyatda servis ixtisası müasir əmək bazarının tələblərinə cavab verirmi və hazırlanan mütəxəssislərə tələbat olacaqmı?
- Peşə kompetentliyi istənilən biznesdə müvəffəqiyyətin rəhnidir. Bununla əlaqədar olaraq Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasını seçən abituriyentlər beynəlxalq nəqliyyat daşımaları bazarına buraxılmaq üçün əsas meyarlardan biri kimi peşə səriştəliliyi səviyyəsinə malik olma imkanını qazanacaqlar.
Sualınızın ikinci hissəsinə gəldikdə isə əmək bazarı bu gün nəqliyyat mütəxəssislərinə yüksək və universal kompleks tələblər qoyur. Buna görə də nəqliyyatda servis mütəxəssisləri beynəlxalq daşımaların hüquqi tənzimlənməsi, tranzit daşımalarda gömrük və nəqliyyat prosedurları, nəqliyyat vasitələrinin konstruksiyasına və istismarına qoyulan tələblər haqqında biliklərə yiyələnməli, həmçinin daşımaları həyata keçirmək üçün uyğun hərəkət tərkibini, ən effektiv daşıma marşrutunu seçməyi bacarmalı, beynəlxalq daşımaları düzgün təşkil etməyi bilməli, hərəkət tərkibinin və sürücülərin iş rejimini planlaşdırmalı, uçot və nəzarəti həyata keçirməlidirlər. Mütəxəssislər yükün nəql edilməsi, sığortalanması şərtlərini və beynəlxalq daşımalar haqqında müqavilələrə görə daşıyıcının məsuliyyətini bilməlidirlər. Nəqliyyat terminallarının işi və beynəlxalq daşımaların informasiya təminatı haqqında biliklərə malik olmalıdırlar. Yüklərin çatdırılması şərtlərinə görə beynəlxalq qaydaları, spesifik yüklərin-təhlükəli, iriqabaritli və ağırçəkili yüklərin, tez korlanan yüklərin, həmçinin konteynerlərin daşınmasını təşkili etməyi və s. bacarmalıdırlar.
Yeni ixtisasın mütəxəssisləri təhsil müddətində bu qeyd olunan işlər üzrə ən müasir və fundamental biliklərə, bacarıqlara, vərdişlərə yiyələnəcəklər və onlara nəqliyyatın ən müxtəlif sahələrində həmişə yüksək tələbat olacaqdır.
- Bu ixtisasda tələbələr hansı bilik və bacarıqlara yiyələnirlər? Ümumiyyətlə yeni ixtisasda təhsilin üstünlükləri və ixtisasın aktuallığı barədə nə deyə bilərsiniz?
- Nəqliyyatda servis ixtisası müxtəlif nəqliyyat (hava, dəmir yolu, su və avtomobil) növlərinin istehlakçılarına xidmətlərin göstərilməsini təşkil edən və yerinə yetirən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətidir.
Nəqliyyatda servis ixtisası servis fəaliyyətinin əsaslarının, nəqliyyat daşımaları prosesində xidmətlərin təşkili, nəqliyyatda təhlükəsizlik, nəqliyyat müəssisələrində servis obyektlərinin ekspertizası, diaqnostikası və sertifikatlaşdırılması, nəqliyyatda servisin təşkili və idarə edilməsi, nəqliyyatda risklərin və sığortanın, tarif tənzimlənməsinin dərindən öyrənilməsi ilə bağlı unikal təhsildir. Bu ixtisas çərçivəsində əldə edilmiş səriştələr sərnişin və yüklərin daşınması ilə məşğul olan istənilən nəqliyyat müəssisəsində (aeroportlarda, aviaşirkətlərdə, nəqliyyat xidmətləri satışı agentliklərində, dəmir yolu şirkətlərində, dəniz və çay vağzallarında, avtomobil nəqliyyatı müəssisələrində, nəqliyyat terminallarında, nəqliyyat-logistik mərkəzlərdə və s.) işləməyə imkan verəcək. Tədris proqramında tələbələrin nəqliyyat müəssisələri bazasında tədris, istehsalat təcrübələrində professional fəaliyyətin reallıqlarına lazımi qədər dərindən yiyələnməsi nəzərdə tutulur, burada tələbələr peşəkar təcrübə rəhbərlərinin nəzarəti altında nəqliyyatda servis xidmətinin strukturu, işçi prosesin məzmunu və mərhələləri ilə tanış olacaqlar, vərdişlərə yiyələnəcəklər.
Bu ixtisasın aktuallığı əhəmiyyətli dərəcədə böyükdür. Müasir qlobal nəqliyyat bazarında strateji üstünlüklərə nail olmaq üçün nəqliyyatda servis prosesinin səmərəli təşkili və idarə olunmasını təmin etmək üçün yüksək ixtisaslı kadr hazırlamaq məqsədi daşıyan yeni perspektivli təhsil proqramıdır. Alınmış təhsil məzunları müxtəlif nəqliyyat müəssisələrində və müxtəlif profilli şirkətlərdə geniş iş imkanları ilə təmin edəcəkdir.