Newscenter.az.10.06.2020. Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin bir hədəfi də müxtəlif sosial qruplara aid vətəndaşların, o cümlədən aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması, sürətlənən urbanizasiya və digər amillər bu məsələni daha da aktual edir. Cənab Prezident İlham Əliyev az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzilə olan tələbinin təmin olunması məsələsini prioritet vəzifə kimi müəyyən edib və bu istiqamətdə ardıcıl tədbirlər görülür. Hazırda əhalinin mənzil təminatı ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini dövlət dəstəyinə və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil ehtiyaclarının ödənilməsi, bundan əlavə məcburi köçkünlər, əlillər, müharibə veteranları, şəhid ailələri, əhalinin müxtəlif kateqoriyaları üçün ünvanlı mənzillər tikilməsi, dövlət qarşısında xüsusi xidməti olan şəxslərin - mətbuat işçilərinin, mədəniyyət və incəsənət xadimlərinin, idman sahəsində xüsusi nailiyyətləri olan şəxslərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi və digər bu kimi istiqamətlər təşkil edir.
Bu istiqamətə həmçinin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ölkə vətəndaşlarına uzunmüddətli ipoteka, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsini, Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına uyğun qiymətə mənzillərin inşasını və satışının təşkilini də aid etmək olar. Bildiyiniz kimi, İpoteka və Kredit zəmanət Fondu regionda ipoteka bazarı fondu olmaqla yanaşı, fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuş, verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarında olmuşdur. Belə ki, Fondun ipoteka üzrə minimal faiz dərəcəsi 3,7 faizdən başlayır, orta faiz dərəcəsi isə 6,4 faiz təşkil edir. Eyni zamanda, 25 yanvar 2019-cu il tarixdə, qısa müddət ərzində - cəmi 1 il – ölkə üçün tamamilə yeni bir məhsul, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlanıb, əhalinin istifadəsinə verilmişdir.
“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edildi. Fərmanda cənab Prezident tərəfindən Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırıldı. Buna uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməli idi ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Təbii ki fərmandan irəli gələn bütün bu sadalanan məhsulların hər birinin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dünya təcrübəsi də göstərir ki, bu məhsullar, demək olar, bir-birilərini tamamlayır. Belə ki, satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun və yaşayış üçün tam yararlı, müasir, rahat və təmirli mənzillərin alınması vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsini təmin edib. Sevindirici haldır ki, ölkədə tətbiq olunan karantin rejiminə baxmayaraq qısa müddət ərzində yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib.
Qeyd olunanlar bir daha onu göstərir ki, bugün Azərbaycan dövləti cəmiyyətin müxtəlif təbəqələri üçün mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sosial islahatların həyata keçirilməsini davamlı şəkildə təmin edir və adekvat mexanizmlər yaradır. Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, təhlükəsizliyi dayanır.
Anar Məmmədov
Milli Məclisin deputatı