Newscenter.az.12.06.2020. Başa vurmaqda olduğumuz təhsil ilində “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
Bu barədə məlumat Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, “Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.
Eyni zamanda “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.