Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı işğalçı ölkəyə növbəti “hüquqi sillə” oldu



Newscenter.az.12.06.2020. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti “hüquqi sillə” oldu. Çünki həmin bəyanatla Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi ilə əlaqədar Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamasının beynəlxalq hüququn pozulması kimi əks olunması ilə Avropa İttifaqı faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də siyasi-hüquqi sahibi Azərbaycanın olduğunu qəbul etdi.

Ermənistanın Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişinə cəhd göstərməsi bir neçə faktordan irəli gələ bilər. Hərkəs bilir ki, Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar nəzarətə götürülüb. Bu mənada, Ermənistan xeyli xərc çəkib yeni yol çəkməklə hərbi manevr etməyə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətləri talan etməyə, istismarına, daşınmasına, narkotik tranzitinin gücləndirilməsinə nail olmağa cəhd edə bilər. Ümumən, üçüncü magistral yolun çəkilməsi cəhdləri bir daha Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətinin möhkəmləndirməsinə və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirməsinə hesablanıb. Bu səbəbdən də, Ermənistanın bu cür qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Beynəlxalq hüquq Azərbaycan haqq işini dəstəkləyir və müdafiə edir. BMT TŞ-nin qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırışdır və tələbdir. Amma bütün bunlarla yanaşı dünya dövlətləri də, xüsusilə ikili standartlı siyasət yürüdənlər, hüququ istismar edənlər də ortaya mövqe qoymalıdırlar. Artıq zamanıdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, beynəlxalq öhdəliklərini pozduğu üçün işğalçı ölkə cəzalandırılmalıdır.

Ermənistanın qeyri-qanuni hərəkətləri, magistral yol çəkilişi cəhdləri müharibə səbəbi də ola bilər. Əgər bölgədə hərbi vəziyyət gərginləşərsə, bunun məsuliyyəti əlbəttə ki, Ermənistanın üzərində olacaq. Ona görə də, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar müharibə təhlükəsini nəzərə alaraq Ermənistanın təxribatçı əməllərinə cavab olaraq pereventiv addımlar atmalıdırlar.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş