Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağalar Vəliyev Sloveniyanın dostluq qrupunun rəhbəri ilə video-konfrans keçirib



Newscenter.az.18.06.2020. İyunun 18-də Milli Məclisdə Sloveniya ilə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin Sloveniyanın ölkəmizlə dostluq qrupunun rəhbəri cənab Matyaz Nemek ilə video-konfrans formatında görüşü keçirildi.

Newscenter.az xəbər verir ki, görüşdə Ağalar Vəliyev iki ölkə arasındakı dostluq münasibətlərini məmnunluqla qeyd etdi. Bildirdi ki, Sloveniya ilə siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi və ticari əlaqələrimizə də müsbət təsir göstərir. O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərlərin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin əhəmiyyətindən danışdı. Ölkələrimiz arasında 12 sənəd imzalandığını vurğuladı. Parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərindən söz açan deputat, beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin əhəmiyyətini qeyd etdi.

Ağalar Vəliyev COVİD 19 pandemiyasının ölkə rəhbərliyi tərəfindən Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatına ianələr köçürdüyünü, ehtiyacı olan 29 ölkəyə humanitar yardımlar etdiyi dedi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışan millət vəkili 2014-cü ildə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə, 2016-cı ildə isə Xocalı qətliamına dair qətnamələrin qəbul olunmasını yüksək dəyərləndirdi. Sloveniyanın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Matyaz Nemek qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı roldan danışdı. Ölkəmizin tarixinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan dərin ehtiramını bildirdi. Azərbaycanın iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu bildirən Matyaz Nemek əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi.

Video-görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Anar
Xəbəri paylaş