Newscenter.az.18.06.2020. Dövlət Miqrasiya Xidmətinin rəisi ilə Caspian European Club üzvləri arasında videokonfrans vasitəsilə görüş keçirilib.
Newscenter.az-a Xidmətdən bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Caspian European Clubun üzvləri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb və ölkəmizdə “Dövlət-Özəl sektor” arasında dialoqun inkişafına öz müsbət töhfəsini verdiyini bildirib.
Qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən beynəlxalq sərhədkeçmələrə tətbiq olunan məhdudiyyətlər mənşə ölkəsindən kənarda olan çox sayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxarıb. Xidmət rəisi bildirib ki, bu dövr ərzində əməkçi miqrantların həyat və sağlamlıqlarının qorunması əsas prioritet təşkil etməklə, onların olduqları təyinat ölkələrində qanuni yaşaması üçün imkanlar genişləndirilməlidir. Pandemiyaya qarşı mübarizədə özəl sektor, hökumətlər və digər maraqlı tərəflərin bu prosesdə miqrantların daha çətin vəziyyətə düşməsinin qarşısını almaq üçün birgə fəaliyyəti mühüm əhəmiyyətə malikdir.
Vüsal Hüseynov Azərbaycan Respublikası tərəfindən pandemiya ilə əlaqədar ölkədə qalan əcnəbilərin qanuni yaşamalarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil edib və fəaliyyətinin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin edilməsi istiqamətində bir sıra işlər görüb. Xidmət rəisi həyata keçirilən müvafiq məlumatların miqrantlara çatdırılmasında ticarət və biznes assosiasiyalarının rolunun vacibliyini qeyd edib.
Caspian European Club-un sədri və Baş icraçı direktoru Telman Əliyev DMX-nin pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri qeyd edərək, klub üzvləri adından miqrasiya xidmətləri ilə bağlı fikirlərini bildirib.
Sonda Caspian European Clubun üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb.
Sevinc