Newscenter.az.19.06.2020. "Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində deyib.
Dövlət başçısı bildirib: "Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.
Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".