Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Nağıyev: “Turizm daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir”



Newscenter.az.23.06.2020. İyunun 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclası videokonfrans formatında təşkil olunub.

Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, videokonfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladıb. O, Türk Şurasının dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil edən ilk beynəlxalq təşkilat olduğunu qeyd edib. Həmçinin əlavə edib ki, bu, türk dövlətlərinin ən yüksək səviyyədə həmrəyliyinin göstəricisidir.

Daha sonra Fuad Nağıyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən operativ və çevik tədbirlər, iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün atılan addımlar haqqında danışıb.

Turizmin pandemiyadan ən çox zərər çəkən sahə olmasını qeyd edən Fuad Nağıyev Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən fevral ayının ikinci yarısından başlayaraq pandemiyanın turizm sənayesinə təsirlərini minimuma endirmək üçün görülən preventiv tədbirlər, həmçinin sənayenin bərpası üçün görülən tədbirlərdən bəhs edib.

O vurğulayıb ki, turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.

Fuad Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbcaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Sonda Fuad Nağıyev dünya turizm sənayesinin tezliklə öz inkişaf tempinə qayıdacağına ümid etdiyini bildirərək Türk Şurasının növbəti görüşlərinin Azərbaycanda keçiriləcəyinə inamını ifadə edib.

Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın turizm nazirliklərinin, həmçinin təşkilatda müşahidəçi statusa malik Macarıstanın Turizm Agentliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər şəraitində üzv ölkələr arasında turizm sahəsində mövcud əlaqələr, post-pandemiya dövründə turizm üzrə gələcək əməkdaşlıq məsələləri, pandemiyanın təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər üzrə yeni onlayn treninq proqramının başlanması, Müasir İpək Yolu Turu birgə layihəsi haqqında müzakirələr keçirilib.

Sevinc
Xəbəri paylaş