Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Naxçıvanda hərbi baza yaratmasının vaxtı gəlib.



Newscenter.az.23.06.2020. “Türkiyənin Yaxın və Orta Şərqdə siyasi-hərbi uğurları və geosiyasi qarşıdurmada öz mövqeyini gücləndirməsi, beynəlxalq münasibətlər sistemində Ankaranın aparacı ölkə statusunu şəkilləndirəcək. Türkiyə rəhbərliyinin xarici siyasətdə praqmatik və prinsipiallığı, xüsusilə müstəqil hərəkət etməsi, Qərbin onunla hesablanması və barışmasına gətirib çıxaracaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Türkiyə təkcə öz təhlükəsizliyini deyil, regionda digər ölkələrin müstəqilliyini və təhlükəsizliyini qoruyur, həmçinin Yaxın və Orta Şərqdə stabilləşdirici rol oynayır:

“Bu, rəsmi Ankaranın öz sərhədləri çərçivəsində deyil, beynəlxalq gərginliyə adekvat cavabıdır. Çünki, dünya nizamında yeni konfiqruasiyanın formalaşması Yaxın və Orta Şərqdə cərəyan edir və bu da Türkiyənin milli təhlükəsizliyini və suverenliyini təhdid edir. Artıq Türkiyə təkcə, öz sərhədləri yaxınlığında deyil, digər regionlarda aktiv rol alır. Ona görə ki, həmin regionlarda gedən gərgin mübarizə birbaşa Türkiyəni hədəfləyə bilərdi. Türkiyə artıq, öz hədəflərini müəyyənləşdirərək, Liviyada, Somalidə, Cibutidə, Qatarda, Suriyada və İraqda hərbi bazalarını təsis edib. İraqda Türkiyənin üç hərbi bazası var və burada öz təhlükəsizliyini təmin edir. Göründüyü kimi Türkiyənin beynəlxalq aktivliyi və digər ölkələrin təhlükəsizliyini təmin etməsi beynəlxalq hüquq çərçivəsində reallaşır”.

Politoloq qeyd edib ki, ötən həftə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çox ciddi mesaj verdi və istənilən qərarda Azərbaycanın yanında olacaqlarını vurğuladı:

“Bu, rəsmi Ankaranın Bakıya ciddi hərbi dəstək mesajıdır. Qeyd edim ki, Türkiyənin Azərbaycanda hərbi baza qurması üçün yeni şərtlər yaranıb. Çünki son aylar Ermənistannın Naxçıvana iddiaları, Qars müqaviləsini tanımadıqlarını, bu istiqamətdə təxribatlara əl atdıqları aydın görünür. Düzdür, Azərbaycan Ermənistana bu istiqamətdə güclü zərbə endirmək iqtidarındadır. Amma Ermənistanın hamisi Rusiya faktoru var. Ona görə də Türkiyənin Naxçıvanda hərbi baza yaratmasının vaxtı gəlib. Bundan əlavə, Abşeron yarmadasında Türkiyənin hərbi dəniz və hərbi hava bazası qurması lazımdır. Çünki Azərbaycan üçün risklər hər bir vaxt aktualdır. Yaxın illərdə Azərbaycan və Türkiyənin bunu reallaşdırması mümkün görünə bilər”.

Mehman
Xəbəri paylaş