Newscenter.az.24.06.2020. Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasına yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə hər gün dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünyada bu virusa yoluxanların sayı 9,3 milyonu, virusdan ölənlərin sayı isə 479.934-ü keçmişdir. Əfsuslar olsun ki, son günlər pandemiyanın ölkə ərazisində yayılma tendensiyasında da yüksəliş müşahidə edilir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 13,715 virusdan ölənlərin sayı isə cəmi 167 nəfərdir. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi sosial məsuliyyət öhdəliyini anlamayıb pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir. Təəssüf ki, məsuliyyətsiz davranışlar, yeri gəldi-gəlmədi küçələrə çıxmaq, tövsiyələrə əməl etməmək, bəzi insanlarımızda hələ də infeksiyanın olmaması barədə şaiyələrə ağlasığmaz inam bu arzuolunmaz variantı doğruldur. Azərbaycanda həm yoluxanların sayı, həm də ölənlərin sayı artmağa başlayıb və hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlayırıq.
Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyatı üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub.
Pandemiya dövründə Azərbaycan sadəcə ölkə daxilində deyil, ölkə xaricində də düşünülmüş siyasət həyata keçirərək həm hümanizm prinsiplərimizi dünyaya nümayiş etdirdi, həm də ölkəmizin imicinin dünyada daha da yüksəlməsinə vacib töhfə verdi. Ölkə başçısı bununla bağlı çıxışında demişdir: "..... Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır".
Hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi həyata keçirilmişdir. Məqsəd əhalinin hərəkət istiqamətlərin məhdudlaşadıraraq, sosial izolyasiya tədbirlərini genişləndirmək və bununla da, virusun yayılmasının qarşısını almaq idi. Hökümət ilkin mərhələdə istədiyinə nail oldu. Belə ki, xüsusilə aprel ayının ikinci yarısından etibarən virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu, hətta gündəlik yoluxma sayı sağalma sayının gerisində qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrilərək, yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların qaydalara əməl etməsində yaranan boşluqlar oldu. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qoruyucu maska nisbətən daha az istifadə edilməyə, sosial məsafə gözlənilməməyə başlandı və bunun məntiqi nəticəsi olaraq visusa yoluxma sayında kəskin artım meydana gəldi. Bunun qarşısının alınması üçün dövlət tərəfindən yeni qərarlar tətbiq olunmağa başladı. Bu dövr ərzində Nazirlər Kainetinin sərtləşdirici qərarları oldu. Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadıldı. Daha sonra isə Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadıldı. Mart və aprel ayları ərzində əldə etdiyimiz nəticələr və COVID-19 statistikasında müsbət irəliləyiş davam etdirilsə idi, bu 2 ay ərazisində vəəndaşların göstərdiyi həmrəylik və məsuliyyət eyni qalsa idi, bu gün koronavirusa qalib gəlmiş ölkələrdən biri ola bilərdik.
2 həftəlik sərt karantin vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. İyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq sərt karantin rejimi məcburiyyətdən yaranmış bir haldır. Azərbaycan dövləti də istəyir ki, bu pandemiya tez bir zamanda aradan qalxsın və həyat əvvəlki kimi öz yoluna dönsün. COVID-19 pandemiyası şəraitində isə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur.
Anar Məmmədov
Milli Məclisin deputatı