Newscenter.az.29.06.2020. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının Türkiyə Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilib.
Newscenter.az xəbər verir ki, onlayn toplantıda İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva, Türkiyənin Gənclər və İdman nazirinin müavini, Misir Olimpiya Komitəsinin prezidenti, Tunis Olimpiya Komitəsinin rəhbəri, Banqladeş Olimpiya Komitəsinin Baş Katibi, İHİF-in Baş Katibi, İHİF-in İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak edib.
Müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirilmişdir. Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı proqrama salınacaq idman növləri də təsdiqlənmişdir. Ümumilikdə təsdiq olunmuş 21 idman növü sırasına üzgüçülük, atletika, basketbol, futbol, qılıncoynatma, həndbol, cüdo, karate, stolüstü tennis, kikboks, güləş, gimnastika, voleybol, taekvando və s. kimi növlər daxil edilmişdir və bu siyahıya yeni idman növü olaraq badminton da əlavə olunub.
Para idman növlərindən hansılarının siyahıya əlavə olunması ilə bağlı isə yaxın həftələrdə qərar veriləcəkdir.
Qeyd edək ki, Milli federasiyalar Oyunlar proqramına daxil olan hər bir oyun üçün texniki qaydalar planı və Təşkilat Komitəsi ilə birgə Oyunlar üzrə Ümumi Qaydalar hazırlayacaqdır.
Videokonfransda müzakirələr zamanı İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü K.Nurullayeva da öz növbəsində çıxış edərək təkliflərini səsləndirmişdir. O, Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının da uğurlu olacağına, İslam dünyasında həmrəyliyə əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.
Anar