Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkomaniya ilə mübarizə dövlətin əsas prioritet məsələlərindən birinə çevrilib



Newscenter.az.29.06.2020
. Əsrimizin bəlası olan narkomaniya problemi bütün dünya dövlətlərində olduğu kimi Azərbaycan hökuməti və cəmiyyətini də narahat edən məsələlərdəndir. Bu gün narkomaniya ilə mübarizə dövlətin əsas prioritet məsələlərindən birinə çevrilmişdir. Ölkəmiz bu istiqamətdə dövlət siyasətini uğurla həyata keçirməklə gənc nəslin sağlam və yüksək ideallar uğurunda tərbiyəsi, habelə genefondumuzun qorunması istiqamətində aparılan işlərə öz müsbət töhfələrini verməkdədir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur.

Azərbaycan hökumətinin bu sahədə apardığı islahatlara dəstək olaraq Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən dövlət və qeyri-hökumət təşkilatlarına bu istiqamətdə aparılan mübarizə işində faydalı ola biləcək İllik Hesabatın hazırlanması işləri hər il olduğu kimi, bu il də davam etdirilir.

Bu baxımdan dövlət institutları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində göndərilən sorğu əsasında müəyyən olunmuş məlumatlara əsasən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən narkotiklərlə bağlı vəziyyətə dair statistikaya əsasən 2019-cu il ərzində Penitensiar müəssisələrində saxlanılan həbs edilmiş şəxslərin və məhkumların ümumi sayı 20.972, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilmiş cinayətlərə görə saxlanılan şəxslərin sayı 5.108, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumlarım sayı isə 2.767 nəfər təşkil etmişdir.

Bu statistikadan narkotizmlə bağlı saxlanılan şəxslərin yarıdan çoxunun xəstə olduğu aydın görünür və onların digərlərini də asanlıqla infeksion xəstəliklərə yoluxdurma ehtimalının böyük olması, həmin xəstə məhbuslar üçün xüsusi təyinatlı qapalı xəstəxanaların yaradılmasını zəruri edir.

2019-cu ildə respublikanın hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədər 4383, o cümlədən satışı ilə bağlı 1476, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə bağlı 2591, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya olunması ilə bağlı 268 fakt, digər cinayətlərlə bağlı isə 48, narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı 435 fakt aşkarlanmışdır.

Hesabat dövründə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə qarşılıqlı əlaqə davam etdirilmişdir. Müəyyən edilmişdir ki, qeydiyyatda olan narkotik aludəçilərinin sayı 31 431 nəfər olmaqla 21 872 nəfəri opioid, 9 560 nəfəri isə kannabinoid qruplarına aid narkotik vasitələr qəbul edənlərdir.

Eyni zamanda yuxarıda göstərilən faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 3 ton 317,5 kq narkotik vasitə, o cümlədən 2 ton 66,6 kq heroin, 822,1 kq marixuana, 288,2 kq tiryək, 22,8 kq həşiş, 107,7 kq digər narkotik vasitələr, 96,7 kq psixotrop maddələr, 4,1 kq kokain, eləcə də 369,5 kq prekursorlar, 247,3 qr güclü təsir edən maddə, 12,5 kq zəhərli maddə, 10 ton 013,3 kq narkotik tərkibli çətənə və 100 qr xaş-xaş bitkiləri götürülmüşdür.

Narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı 268 (+34) fakt aşkar edilmiş çəkisi 10 ton 013,3 kq çətənə və 100 qr xaş-xaş bitkiləri aşkar edilərək götürülmüş və prosessual qərar qəbul edilməsi üşün istintaq orqanlarına verilmişdir.

Bununla yanaşı 2401,2 hektar sahədən yaş kütləsi 126 ton 844,9 kq yabanı halda bitmiş 247964 ədəd çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək müvafiq qaydada məhv edilmişdir.

Bu növ cinayətlərə görə müəyyən olunmuş 3464 nəfərdən 14-ü azyaşlı, 817-si 18-29 yaş, 2633-ü 30 yaş və ondan yuxarı, 97-i qadınlar, 7-i MDB olmaqla 98 nəfər xarici ölkə vətəndaşları olmuşdur (İran 75, Gürcüstan 6, Türkiyə 5, Ukrayna 4, Rusiya 3, Pakistan 2, Braziliya, Əfqanıstan və Boliviya hərəsində 1).

Narkotizmlə mübarizədə maarifləndirmə işləri Gənclər və İdman, Təhsil Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər tərəfindən aparılır. Bu işlərə 2019-cu ildə dövlət büdcəsindən təqribən 70-75 min manat vəsait xərclənmişdir.

Azərbaycanda bu istiqamətdə təbliğat-təşviqat işlərini daha mükəmməl, ardıcıl, əlçatan etmək üçün maarifləndirməyə dair qanun layihəsi hazırlanmasına zərurət vardır. Bu qanun layihəsi maarifləndirmə ilə bağlı işləri mərkəzləşdirməklə, problemin yayılmasının qarşısının alınmasında öz sözünü deyəcək. Həmçinin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cəza tədbirlərinin dekriminallaşdırılması və alternativ cəza ilə əvəz olunması, satış məqsədi olmadan, qeyri-qanuni saxlama, istifadə halları hər bir vətəndaşın səhiyyəyə əlçatanlığını təmin etmək üçün vasitə, habelə günümüzün reallığı çərçivəsində liberal siyasətin hazırlanmasına bir təkan ola bilər.

Dövlətin bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasətinə baxmayaraq problem hələ də qalmaqdadır və təəssüflər olsun ki, son illər ərzində narkotiklərdən istifadəyə meyllilik artmaqdadır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi “Narkomanlıqla və narkotik maddələrlə mübarizə hər bir Azərbaycanlının vəzifəsidir” şüarını rəhbər tutaraq, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, mübariz, sağlam ruhluvətənpərvər nəslin yetişməsi istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarını bundan sonra da yüksək fəallıq göstərməyə çağırıram.

Məzahir Əfəndiyev

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş