Newscenter.az.9.07.2020. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında yer alan genişmiqyaslı sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması xüsusi önəm daşıyır.
Newscenter.az-a daxil olan məlumata görə, bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır.
Tovuz rayonunda bu layihələrdən 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir.
Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yollarıdır.
Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.