Newscenter.az.10.07.2020. 2019-cu ildə Almaniyada 417 nəfər suda boğulub.
“Almaniya Xilasedicilər Dərnəyi”ndən “Report”un Avropa bürosuna verilən məlumata görə, ötən il 200 nəfər göldə, 120 nəfər çayda, qalanları isə, qapalı və açıq hovuzlarda boğulublar.
Boğulanların 25-i 10 yaşından kiçik uşaqlar, 27-si isə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən qaçqın və miqrantlar olublar.
Suda boğulanlar arasında Azərbaycan vətəndaşı da olub. Belə ki, Aşağı Saksoniya əyalətinin Gifhorn şəhərində sərinləmək üçün gölə girən 20 yaşlı Azərbaycan vətəndaşı göldə batıb. Hadisə yerinə gələn polis əməkdaşları və xilasedicilər 8 saatlıq gərgin axtarışların nəticəsində onun cəsədini sudan çıxarıblar.
“Almaniya Xilasedicilər Dərnəyi”ndən bildirilib ki, çay və göllərin təhlükələri “Qırmızı”, “Yaşıl” və “Sarı” zolaqlarla müəyyən olunub. Eyni zamanda əhali arasında geniş maarifləndirmə işlərini aparılsa da, təhlükəsizlik qaydalarına çox zaman riayət edilmir.
Dərnəkdən bildirilib ki, ölkə ərazisində ən təhlükəli vəziyyət Reyn çayı və Baqer gölündədir. Reyndə güclü axıntılar meydana gəlir, Baqerin isə dibi təmizlənmədiyindən müxtəlif növ sıx göl sarmaşıqlarına görə ora düşən çox çətinliklə xilas olmağı bacarır.
Dərnək Almaniyada orta məktəblərdə üzgüçülük dərslərinin praktik qaydada keçirilməsinin vacibliyini də vurğulanıb.