Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Əliyevanın Qarabağ əlili ilə bağlı verdiyi tapşırığa əməl edilmir



Newscenter.az.10.07.2020. Azərbaycan dövləti və onun prezidenti bir qayda olaraq cəmiyyətin həssas təbəqəsi, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın üzləşdikləri problemlərə daha diqqətlə yanaşır, həmin problemlərin həlli istiqamətində müvafiq addımlar atır, tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri üçün müntəzəm olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsi məhz bu təbəqədən olan insanlarımızın sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda onların həyat səviyyəsinin yüksəldilməsinə də müsbət təsir göstərir. Ancaq maraqlıdır ki, bir çox hallarda bəzi yerli məmurlar qeyd etdiyimiz təbəqədən olan insanlar, vətəndaşlarımızın problemlərinin həllinə nail olmaq, onlara verilən tapşırıq və tövsiyələrə əməl etmək əvəzinə, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək insanları incidir, süründürməçiliyə yol verərək yerlərdə süni şəkildə narazılıq yaratmaq istəyirlər. Bu da son nəticədə vətəndaşın paytaxta, dövlət başçısına, kütləvi informasiya vasitələrinə üz tutmasına yol açır. Necə ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı Rəhman Əzizzadə kimi. Məlumat üçün qeyd edək ki, Rəhman Əzizzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə də təltif olunub.

Vətən uğrunda gedən döyüşlərdə bir gözünü tam itirən, digər gözünün görməsi isə 50 faiz olan Rəhman Əzizzadə qeyd edir ki, Silahlı Qüvvələrin Füzuli rayonu istiqamətində "N" saylı hərbi-hissədə Vətənə xidmət edib. Rəhman Əzizzadə xidməti zamanı bir neçə yüksək vəzifələrdə olub. Sonuncu olaraq könüllü, öz ərizəsi ilə səngərdə post komandiri kimi xidmətimi davam etdirib:

"Füzuli rayonu Alıxanlı kəndi istiqamətində başçısı olduğum post ilə düşmən postu arasındakı məsafə 65 metr idi. Xidmətim zamanı 28.12.2014-cü il tarixində düşmən təxribatının qarşısını alarkən ağır yaralanmışam. Nəticədə sağ gözümü tam, sol gözümün görməsini isə qismən itirmişəm. Başımda, çiynimdə və gözümdə çoxlu sayda qəlpələr gəzdirirəm. Böyrək və ürək-damar xəstəliklərindən də əziyyət çəkirəm".

Məktubunda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan müraciət müəllifi, həmçinin qeyd edir ki, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən də bu təbəqədən olan insanlara xüsusi olaraq diqqət və qayğı göstərilir:

"Mehriban xanım mütəmadi olaraq bizlərlə görüşür, problemlərimizi dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verir. Bu görüşlərdən biri də 2019-cu ilin aprel ayına təsadüf etdi. Həmin görüşdə iştirak etmək mənə də nəsib oldu. Görüş zamanı Hörmətli Mehriban xanım ilə üz-üzə söhbətimiz də baş tutdu. O, mənim problemlərim ilə yaxından maraqlandı və nə çətinliyim olduğuna dair sual verdi. Mən də öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Mehriban xanıma danışdım. Ona söylədim ki, mənim 27 yaşım var. Anam gözdən əlildir. Atam da Qarabağ müharibəsi Veteranıdır. Mən hal-hazırda kirayədə yaşayıram. Buna görə də ailə qurmaqda çətinlik çəkirəm. Məni dinləyən Mehriban xanım əlimdə olan, ona ünvanladığım yazılı müraciəti məndən qəbul edərək, yanındakı keçmiş köməkçisi hörmətli Anar Ələkbərova Anar müəllimə tapşırıq verdi ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun, dərhal məsələnin həll olunması üçün DSMF-yə tapşırıq verdi. Həmçinin də mənimlə DSMF-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü də təşkil etdilər. Görüş DSMF-nin binasında V.Behbudovun iş otağında təşkil olundu".

Rəhman Əzizzadə deyir ki, görüş zamanı hörmətli Mehriban xanım ilə görüşü. xanımın verdiyi tapşırıqları V.Behbudovun diqqətinə çatdırıb: "Söhbət zamanı fikri məndən çox telefonunda olan V.Behbudovun bu işə məsuliyyətsizcəsinə yanaşacağını elə o zaman anlamışdım. Heç də yanılmadım. Artıq bir ildir ki, V.Behbudov hörmətli Mehriban xanımın tapşırığını icra etmir. Siz təsəvvür edin ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti tapşırıq verir problem dərhal həll olunsun, lakin DSMF- nin şöbə müdiri, Mehriban xanımın verdiyi bu tapşırığı ciddi qəbul etmir. Nəticədə Qarabağ əlili tərəfindən, ölkənin Ali Rəhbərliyinə qarşı bilərəkdən narazılıqlar yaradılır. Bu həmçinin də Mehriban xanımın Qarabağ qazilərinə olan qayğısına kölgə salmaq məqsədi daşıyır".

Şikayət müəllifi həmçinin V.Behbudovun əməllərinin, ölkənin birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın verdiyi tapşırığına biganə yanaşmasının səbəbinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevə də müraciət edib.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş