Newscenter.az.16.07.2020. Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə xərcləri 5 824,8 milyon manat təşkil edib.
Newscenter.az-a Fonddan bildirilib ki, bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilmişdir. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 675,0 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilib. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,7 milyon manat təşkil edib.
2020-ci ilin birinci yarımilliyi ərzində koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-nin valyuta aktivlərinə təsirsiz ötüşməmişdir. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-nin məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənmişdir. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət etmiş və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20% artım müşahidə olunub. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb.
Sevinc