Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixin heç bir dönəmində Azərbaycan bu qədər güclü olmamışdı



Newscenter.az.16.07.2020. Azərbaycan dünyanın az saylı ölkələrindəndir ki, burada çox insan siyasətlə məşğuldur, siyasi proseslər barədə proqnozlar verir, mühakimələr yürüdür. Xaricdə isə hər kəs özünə aid işlə məşğuldur. Vətənimizi sevməli, onun müstəqilliyi və bütövlüyü üçün alışıb-yanmalıyıq, ancaq dəqiq bilmədiyimiz məsələlər barədə dərin mühakimələr yürütməməliyik.

Dövlət qulluğunda 20 ilə yaxın təcrübəm var. Bir çox ali dövlət qurumlarında çalışmışam. Siyasət heç də çoxlarının düşündüyü qədər sadə iş deyil. Kənardan çox şey asan gəlir. Xüsusilə hansısa məsələ ilə bağlı məsuliyyət daşımayan insan üçün fikir yürütmək və qərar qəbul etmək asandır. Ancaq tarixi məsuliyyəti düşünəndə qərar vermənin heç də asan olmadığı aydın olur. Ona görə kənardan baxaraq məsələlərə asanlıqla münasibət bildirməyək.

Onu da deyim ki, hər hansə bir məsələ haqqında fikir bildirmək üçün həmin məsələdən tam hali olmalısan. Xüsusilə də konkret sahəyə cavabdehlik daşıyırsansa məsuliyyətin ikiqat artır.

Hamımız nəzər almalıyıq ki, tarixin heç bir dönəmində Azərbaycan bu qədər güclü olmamışdı, beynəlxalq qurumlar Azərbaycanın mövqeyini bu qədər dəstəkləməmişdi. Məsələyə səthi yanaşanlar irad bildirəcəklər ki, güclü olsaq torpaqlarımız 30 ildir işğal altında olmazdılar. Əvvəlcədən bir daha bildirirəm ki, tələsməyək.

Onu da qeyd edək ermənilər, eləcə də digər düşmənlərimiz Azərbaycanın mövqeyinin bu qədər güclü olmasından narahatdırlar ona görə ölkəmizi hər an qarışdırmağa hazırdılar.

Bu gün regionda ciddi proseslər gedir. Ümumən götürdükdə bizim xeyrimzə olan xeyli məsələ var. İndiki vəziyyətdə nə etməliyik? Dövlətimizin ətrafında sıx birləşməli, birlik və həmrəyliyimizi qorumalıyıq. 30 ildir gözləyirik nə qədər gözləyəcəyik sualını verənlərə isə deyirəm. Hələ ki, tarixi məqamı və fürsəti gözləməliyik. Qarabağ məsələsi hücum edək götürək qədər sadə deyil. Tovuzda baş verənlər də göstərdi ki, düşmən çox hiyləgər və məkrlidir.

Bu gün qarşımızda duran ən vacib məsələ ölkədə sabitliyi qorumaq və ölkə rəhbərliyi ətrafında sıx birləşməkdir. Bu gün düşməni hər şeydən öncə ölkədəki sabitliyi, birlik və həmrəyliyi pozmaq düşündürür. Düşmən gözəl bilir ki, Azərbaycan ordusu güclüdür, ona layiqli cavabı verəcək, Azərbaycan üzərində qələbəyə sabitliyi və həmrəyliyi pozmaqla nail olmaq olar. Ona görə müxtəlif vasitələrlə məqsədlərinə nail olmağa çalışır.

Bütün dünya dövlətlər hər zaman ümummilli məsələlərdə birləşirlər. Dövlətin mənafeyini heç nədən üstün tutmurlar, öz eyblərini, başqalarının yanında açıb ağartmırlar, öz dövlətlərinə düşmən və qənim kəsilmirlər.

Bir daha qayıdıram ən vacib məsələyə - sabitlik və həmrəylik məsələsinə. Bu ən prioritet məsələdir. Bunu tam təmin və qoruya bilsək bütün torpaqlarımızı qaytaracağıq. Bu olmasa düşmən öz xəbis məqsədlərinə asanlıqla nail olacaq. Ona görə məsələyə daha qlobal yanaşmalıyıq, kiminsə vətən sevgisi və yanğısı eşqindən sui istifadəyə yol verməməliyik. Tanrı Azərbaycanı qorusun!

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş