Newscenter.az.21.07.2020. Müstəqilliyimiz dövründə əldə etdiyimiz uğurları gördükdə hər birimizin qəlbi fərəh hissi ilə döyünür. Əslində, bu inkişaf xalqımızın minilliklər boyu yaradıb yaşatdığı milli-mənəvi dəyərlərdən güc alır. Ulu əcdadlarımızın bizə miras qoyduğu üstün dəyərlər əsrlər boyu qorunub, inkişaf etdirilib və nəsillərin yaddaşlarına hopub. Xalqın soy kökündən gələn dəyərləri isə məhv etmək mümkünsüzdür. Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən artıq 145 il keçir.
Bu il Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini - milli mətbuatın yaranmasının 145-ci ildönümünü qeyd edir. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 145 ilinin zəngin salnaməsini yaratmışdır. Çünki Azərbaycanda milli mətbuat milli dövlətin mövcud olmadığı bir zamanda yarandı. Bu faktın özü də yetərincə böyük üstünlükdür.
Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 145 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcəkdir.
Ulu öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səciyyələndirmişdir. Həqiqətən də 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ulu öndərin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi KİV-in inkişafına təkan vermiş, onun müstəqil fəaliyyətinə möhkəm əsaslar yaratmışdır.
Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Sevindirici haldır ki, Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Düşünürəm ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir. Bu baxımdan əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.
Anar Məmmədov-Milli Məclisin deputatı