Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəki rayonunda 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub



Newscenter.az.21.07.2020. Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən kompleks tədbirlərə start verilir. Məhz bu çərçivədə Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulub.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu təqribən 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi abtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi abtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir.

Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.

Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması, eyni zamanda atmosfer və suvarma sularının yolun torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə yaşayış məntəqələri daxilində zəruri yerlərdə beton küvetlərin çəkilməsi məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-dən çoxdur.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb.

Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasın alt layının 20 sm hündürlükdə qum-qırmadaş, üst layının isə 16 sm hündürlükdə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri aparılıb. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri görülüb.

Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boryların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, dördbucaqlı su keçidinin inşası də layihə üzrə icra olunan işlərdəndir.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi həyata keçirilib.

Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.

Anar
Xəbəri paylaş