Newscenter.az.3.08.2020. “Ölkə Prezidenti cənab İlham Əliyevin bugünlərdə ölkənin Şimal-Qərb bölgəsinə, Qobustan, İsmayıllı, Qəbələ, Şəki və Balakən rayonlarına səfərləri tarixi və unudulmaz bir hadisəyə çevrildi. Hər bir səfərdə olduğu kimi, bu səfərlərdə də çox mühüm hadisələr yaşandı, bir sıra çox mühüm əhəmiyyətli obyektlərin, müəssisələrin, yolların açılışları baş verdi”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, konkret olaraq, son səfərlərdə 3 modul tipli xəstəxanın, həmçinin, ölkə üçün çox əhəmiyyətli yolların-İsmayıllıda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun, Qəbələdə Əmirvan-Vəndam avtomobil yolunun, Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun, Balakəndə isə Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışları oldu:
“Həmçinin, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsi ilə tanışlıq baş verdi. Bununla yanaşı, İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması, Balakəndə Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin və “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılış mərasimləri düzənləndi, o cümlədən Balakəndə 2012-ci ildən fəaliyyət göstərən “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanışlıq baş tutdu. Bunlar adi, sıradan məsələlər deyil, bunlar hər biri həm adıçəkilən bölgələrin, həm də bütövlükdə ölkəmizin inkişafı, tərəqqisi, çiçəklənməsi naminə atılan addımlardır”. Deputat deyib ki, bütün bunlar dünyada və onun ayrılmaz bir parçası olan ölkəmizdə bu ilin fevral-mart aylarından bu yana yaşanan koronavirus pandemiyasına, iqtisadiyyatda bəzi geriləmələrin baş verməsinə baxmayaraq, Azərbaycan dövlətinin Azərbaycan vətəndaşlarının rifahı, gələcəyi naminə atdığı addımlar, gördüyü müstəsna işlərdir: “Bununla Azərbaycan dövləti bir daha sübut etmiş və təsdiqləmiş oldu ki, ən çətin situasiyalarda belə, çıxış yollarını tapmağı, ən əsası öz insanının, öz vətəndaşının yanında olmağı bacarır. Onun üçün başlıca amil Azərbaycan insanının, Azərbaycan vətəndaşının rifahının, güzəranın yaxşılaşdırılması, sağlamlığının, təhlükəsizliyinin ən üst səviyyələrdə təşkil edilməsidir. Bunlar həm də Azərbaycan dövlətinin başçısı-Lider cənab İlham Əliyevin iradəsi, qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində, nəticəsində yaşanan ölçüyəgəlməz müstəsna hadisələrdir. Bəli, son 17 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara, nailiyyətlərə, qələbələrə, zəfərlərə nail olub, regionun və dünyanın lider dövlətlərindən, milli, dini tolerantlıq mərkəzlərindən, siyasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından birinə çevrilib, bundan sonra da bu yolda qətiyyətli, inamlı addımlarını atmaqda davam edəcək. Heç kim, heç bir qüvvə onu öz yolundan sapdıra, geri döndərə bilməyəcək”.
Eldəniz Səlimov bildirib ki, bunu həm Şəkidə, həm də Balakədə tarixi çıxışları zamanı da dövlət başçımız özü bir daha dilə gətirdi və qətiyyətli şəkildə bəyan etdi:
“Balakən rayonunda çıxışı zamanı həm də ağrılı problemimiz olan Qarabağ münaqişəsinə, Ermənistanın, onun havadarlarının təxribatlarına, fitnəkarlıqlarına toxunan dövlət başçımız yenidən və bir daha birmənalı mövqeyini idafə etdi. Bildirdi ki: “Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”. Bəli, bu, düşmənlərimizə də, onun havadarlarına da, anti Azərbaycan dairələrə də bir dərs, bir mesaj, bir xəbərdarlıqdır. Nəticə çıxarmaq onlardan asılıdır. Çıxarmasalar, bunun son dərəcədə ağır şəkildə qarşılığını və bir daha Azərbaycanın gücünü, qüdrətini, nələrə qadir olduğunu görəcəklər”.