Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: “Neftin qiyməti 35 dollar olsa belə, bütün sosial öhdəliklər yerinə yetiriləcək”



Newscenter.az.6.08.2020. “Azərbaycanda biznesə dəstək məsələlərində çox böyük addımlar atılıb. Bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir”.

Bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcək. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraq.

Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”, - deyə o, qeyd edib.
Xəbəri paylaş