Newscenter.az.13.08.2020. Argentinanın LVC telekanalı Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətdən bəhs edib.
Newscenter.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə., azərbaycanlı icmanın üzvü Mahir Qurbanov telekanala müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın havadarlarının köməyilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və etnik təmizləməyə məruz qoyması barədə ətraflı məlumat verib. Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərinin dinc yolla işğaldan azad edilməsini tələb etdiyinə diqqəti cəlb edən soydaşımız faşist mahiyyətli Ermənistan dövlətinin BMT-nin və nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qətnamələrinə və qərarlarına məhəl qoymadığını, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğal altında saxladığını, qeyri-qanuni olaraq məskunlaşdırdığını bildirib.
Müsahibə zamanı Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətindəki dövlət sərhəddinə xaincəsinə hücuma keçməyə cəhd etməsi, sərhədyanı hərbi obyektlərə və yaşayış məntəqələrinə artilleriya zərbələri endirməsi nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinin həlak olduğu, 10-larla evin dağıldığı bildirilib. Azərbaycan ordusunun cavab tədbirləri ilə düşmənin məkrli planlarının qarşısını aldığı və geri çəkilməyə məcbur etdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan xalqı dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb edir.
Mehman