Newscenter.az.13.08.2020. Ermənistan günümüzdə təkcə separatizm və işğalçılıq siyasəti ilə yerləşdiyi region, Cənubi Qafqaz coğrafiyası üçün təhlükə mənbəyi deyil, eyni zamanda regiondan kənarda yerləşən ölkələr üçün də ciddi təhdid riski daşıyır. Bunun isə başlıca səbəbi ərazisində yerləşən “Metsamor” Atom Elektrik Stansiyasıdır. Baxmayaraq ki, illərdir bu stansiyanın region və bu coğrafiyadan kənar ölkələr üçün ciddi təhlükə mənbəyi olduğu söylənilir və hətta İrəvandan stansiyanı bağlamaq tələb edilir, ancaq işğalçı ölkə hələ də “Metsamor”un fəaliyyətini davam etdirir. Region və qonşu ölkələrdə, stansiyanın yerləşdiyi coğrafiyaya yaxın ərazilərdə baş verən xırda yeraltı təkanlar isə Atom Elektrik Stansiyasında qəza riskini ciddi şəkildə artırır. Bu günlərdə Türkiyənin İqdır bölgəsində baş verən zəlzələ yenidən “Metsamor”un bağlanma məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Türkiyə Azərbaycan Dostluq Dərnəyi Federasiyasının sədr müaavini, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal deyib ki, bu günlərdə İqdırda meydana gələn 4.4 bal gücündəki zəlzələ, İğdır sakinləri arasında qorxu hissi yaratmaqla yanaşı, “Metsamor” Atom Elektrik Stansiyasında qəza əndişəsini də artırıb. İqdır və Ermənistanın ikinci dərəcə zəlzələ fay xəttində olduğunu deyən Sərdar Ünsalın sözlərinə görə, İqdırda ən son 4, 4 baı gücündə baş verən zəlzələ 6,7 yaxud 8 bal gücündə olsaydı, o zaman böyük bir fəlakət yaşanardı:
“Bu səbəbdən “Metsamor” Atom Elektrik Stansiyası dərhal bağlanmalıdır. Hər hansı bir güclü yeralı təkanlar Atom Elektrik Stansiyasında sızmaya yol aça bilər. Nəticə etibarilə stansiyanın ölüm bacaları təkcə Azərbaycan və Türkiyəni deyil, eləcə də İranı ciddi təhlükə altında qoyar".
“Metsamor” Atom Elektrik Stansiyasının Türkiyənin İqdır vilayətinin mərkəzindən 15 kilometr məsafədə və Ermənistanla sərhəd kəndlərdən 100-200 metr uzaqlıqda yerləşdiyini vurğulayan Sərdar Ünsal qeyd edib ki, “Metsamor” Atom Elektrik Stansiyası partlamağa hazır olan bir bombadır:
“Bölgə 1988-ci ildə Ermənistanda meydana gələn anoloji bir zəlzələ ilə məhv ola bilər. Məlum olduğu kimi həmin zəlzələ zamanı “Metsamor” Atom Elektrik Stansiyası zərər gördü. Omna görə də şiddətli bir zəlzələ baş verəcəyi təqdirdə insanlar dağıntıdan qurtulmaqdan və ya radiasiyadan qorunmaqdan özlərini xilas etmıəyə çalışacaqlar. Məncə stansiyanın fəaliyyəti dərhal dayandırılmalıdır. Avropa Birliyinin ətraf mühitdən sorunlu olan qurumları, insan haqları təşkilatları bu məsələyə diqqət yetirməli və elektrik stansiyasının bağlanması istiqamətində çalışmalıdırlar. Çünki bu stansiya Azərbaycan İran və Türkiyəni ciddi şəkildə təhdid edir.
Sərdar Ünsal onu da diqqətə çatdırıb ki, stansiya üçün lazım olan uran Rusiyadan təyyarə ilə gətirilir:
“Əgər təyyarə qəzaya uğrayarsa, təsəvvür edin nə baş verə bilər. Bundan başqa stansiya İqdırda xərçəng xəstəliyinin artmasına gətirib çıxarır. İqdırda xərçəng səbəbiylə ölüm halları artarkən, xərçəng xəstələrinin sayı çoxalarkən, Ermənistan prezidentinin Medzamor Atom Elektrik Stansiyasını 2040-cı ilə qədər istismar etməsi barədə açıqlaması ölümlərə və ikinci Çernobl facisəinə hesablanıb. Bir sözlə regionda ikinci bir Çernobl faciəsi baş verə bilər. Avropa Birliyi bölgə üçün təhlükə yaradan bu elektrik stansiyasının bağlanması üçün lazımi təşəbbüs göstərməlidir. Ermənistanın yeni stansiya hazır olana qədər “Metsamor”dan istifadə ediləcəyi barədə açıqlamalar qəbuledilməzdir. Bundan başqa, Avropa Birliyindən bu açıqlamaya reaksiya olmaması da təəssüf doğurur. Ermənistandakı Metsamor atom elektrik stansiyası 1988-ci ildə baş verən 6.9 bal gücündə zəlzələdən ziyan gördiyinə görə dərhal bağlanmalıdır”.
Sərdar Ünsal onu da diqqətə çatdırıb ki, 1990-cı ildə, stansiyanın bir müddət fəaliyyətinin dayanmasından dolayı İqdırda cəmi 15-20 xərçəng xəstəliyi qeydə alınmışdı. Lakin 1995-ci ildə “Metsamor” Atom Elektrik Stansiyası fəaliyyətini yenidən bərpa etdikdən sonra xərçəng xəstələrinin sayında kəskin artım qeydə alındı:
“Qeyd edim ki, “Metsamor” Atom Elektrik Stansiyası 1970-ci ildə, Sovet İttifaqı dövründə, ibtidai texnologiya ilə qurulub. Stanmsiya İqdırdan 16 kilometr, Qarsın mərkəzindən 60 kilometr, Yerevandan isə 40 kilometr məsafədə yerləşir. Bu gün “Metsamor” Atom Elektrik Stansiyası Qafqaz bölgəsini təhdid edir".
NEWSCENTER.AZ