Newscenter.az.14.08.2020. 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev Lənkəran şəhərindəki “Deputat otağı”nda “9+1” formatında 2 mərhələdə 19 nəfər seçici ilə cari ilin 13 avqust tarixində görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşü giriş sözü ilə açan millət vəkili ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət kursundan ətraflı bəhs edərək, əldə edilmiş müsbət nəticələr barədə geniş məlumat verib. Xüsusi ilə koronavirus pandemiyası şəraitində əhalinin sağlamlığının və sosial rifahının qorunması sahəsində görülən işlər qəbul iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Rüfət Quliyev son aylardakı fəaliyyəti haqqında bir növ hesabat xarakterli məlumat verdi. Məlumatda aşağıdakı məsələlər öz əksini tapıb:
1. Qeyd edildi ki, dövlət rəhbərinin vətəndaşların müxtəlif xidmətlərə əlçatanlığının daha da asanlaşdırılması məqsədi ilə həyata keçirdiyi siyasət çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının və deputatın birgə səyləri nəticəsində “ASAN Xidmət”in Lənkəranın Qurumba kəndində inzibati və sosial infrastruktur obyektlərinin tikintisinə başlamaq üçün layihə başa çatdıqdan sonra tikintidə işləyəcək işçilərin qeydiyyatını aparmaq istiqamətində hazırlıq işləri aparılır, əsasən yerli işçilərdən ibarət kadr korpusunu formalaşdırmaq nəzərdə tutulur. Obyekt istifadəyə veriləndən sonra da orada əsasən yerli ixtisaslı kadrlar işlə təmin olunacaqlar.
2. Həmçinin nəzərə çatdırıldı ki, indi deputat Hotellər və Restoranlar Assosiasiyasının rəhbərliyi ilə intensiv iş aparır ki, koronavirus pandemiyası təhlükəsi azaldıqdan sonra Lənkəran şəhərində hotel və restoranlar üçün müxtəlif kateqoriyalı işçilər hazırlamaq məqsədilə
növbəli kurslar təşkil edilsin. Bu kursların müdavimləri təqaüdlə təmin olunub, müvafiq sertifikatlar alacaqlar. Hazırda Cənub zonasında bu kurslarda hazırlanacaq ixtisaslara böyük ehtiyac duyulur.
3. Bununla yanaşı, Lənkəran Peşə Liseyinin fəaliyyəti ilə də ciddi maraqlanan deputat liseyin rəhbərliyi ilə sıx əlaqələr saxlayır və çalışır ki, 2020-2021-ci tədris ilində bu təhsil müəsssəsində Cənub zonası üçün səciyyəvi olan ixtisaslar üzrə qruplar açılsın. Birgə səylər nəticəsində bu tədris ilində liseydə 12 ixtisas üzrə 260 tələbə təhsil alacaq ki, bunlardan bəziləri yeni yaradılmış ixtisaslar üzrə oxuyacaqlar. Həmin yeni ixtisaslar isə sahibkarlar tərəfindən ən çox tələb olunan zəruri ixtisaslardır. Hazırda liseyə sənədlərin qəbulu prosesi aparılır. Bu prosesə deputat tərəfindən də köməklik göstərilir.
4. Deputatın şəxsi xahişi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyi tərəfindən seçki dairəsinin ərazisində quraşdırılması üçün 2 (iki) ədəd bankomat ayrılıb və onlar əhalinin istifadəsinə verilib. Bu da, bankomatlar qarşısında əvvəllər mövcud olmuş uzun növbələrin aradan qaldırılmasını təmin edəcəkdir.
5. Deputat nəzərə çatdırdı ki, dünyanın bir çox ölkələrinə gübrə idxalı və satışını həyata keçirən “Greentech” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri onun təşəbbüsü ilə Lənkəranda olub, rayonun bir qrup aparıcı sahibkarları ilə görüş keçiriblər. Görüşdə qərara alınıb ki, şirkət bilavasitə fermerlərə gübrə satışını təmin edəcək. Bu məqsədlə şirkətdə fəaliyyət göstərəcək aqronom fermerlərə pulsuz olaraq tövsiyələr verəcək, hansı bitki üçün hansı gübrənin faydalı olacağını müəyyənləşdirəcək. Gələcəkdə digər fermerlər də bu konsaltinq xidmətindən istifadə edib, gübrə alışı ilə məşğul ola bilərlər.
6. Professor Rüfət Quliyev onu da bildirdi ki, “Azərişıq” ASC-nin rəhbərliyi ilə danışıqlar aparıb və onlara rəsmi məktub göndərib ki, Göyşaban və Ürgə kəndlərinin bərbad vəziyyətdə olan və əhali üçün təhlükəli hesab edilən elektrik veriliş xətləri əsaslı təmir edilsin. Hazırda bu xətlərə vizual baxış keçirilib və təmir üçün hazırlıq işləri aparılır.
Təmir işlərinin aparılması əhali tərəfindən böyük razılıq və təqdirlə qarşılanıb.
7. Hesabat dövründə 4 səyyar və 5 onlayn formatında qəbul və görüşlər keçirilib.
8. Həmçinin deputata bu müddət ərzində 200-dən yuxarı yazılı və şifahi müraciət daxil olmuşdur.
9. Sosial şəbəkələr və KİV-lərdə fəallıq göstərən iqtisad elmləri doktoru Rüfət Quliyevin ötən dövrdə 71 müsahibə və çıxışı yer alıb.
Qəbul iştirakçıları tərəfindən millət vəkilinin hesabat xarakterli məlumatı yüksək qiymətləndirildi.
Daha sonra qəbula gələnlərin problemləri dinlənildi, onların bəziləri, xüsusi ilə Məşğulluq Mərkəzi, Sosial Müdafiə Mərkəzi ilə əlaqədar olan məsələlər “isti izlər”lə yerindəcə həll edildi, baxılması vaxt tələb edənlər isə həll edilmək üçün nəzarətə götürüldü.
Görüşdə çıxış edən seçicilər Hacı Mərafat Musayev, Şahverən Məmmədov, Samirə Hüseynzadə və Ülkər Məmmədova ölkədə hökm sürən əmin-amanlıq, siyasi sabitlik və əhaliyə göstərilən qayğı və hərsahəli diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, xahiş etdilər ki, bundan sonra da regionda yeni iş yerlərinin yaradılması məsələsi diqqət mərkəzində saxlanılsın.
Çıxış edənlər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının və deputatın fəaliyyətlərinin günün tələblərinə cavab verdiklərini də önə çəkdilər.
Tədbiri yekunlaşdıran Rüfət Quliyev görüş iştirakçılarını əmin etdi ki, bundan sonra da Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə sıx əlaqə şəraitində seçicilərlə mütəmadi təmasda olub, onların problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparacaq.