Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması geosiyasi tələbdir



Newscenter.az.14.08.2020. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ilə bağlı yayılan rəsmi məlumatların mətni bir daha sübut edir ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Əgər xatırlayırsınızsa, xalq bir neçə il öncə BP şirkəti öhdəliklərini yerinə yetirmədikdə Prezident İlham Əliyevdən eyni ilə bu cür milli maraqları müdafiə edən qətiyyətli mövqe görmüşdü. Bununla isbatlanır ki, Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.

Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırması barədə faktlar ortaya çıxıb və bu Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar, suallar doğurur. Təsəvvür edin ki, Tovuz döyüşlərinin ən gərgin zamanında Rostov-Minvodı-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-Yerevan marşrutu üzrə iyulun 17-də 2, iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1, avqustun 6-da isə daha 2 təyyarə reysi həyata keçirilib və bu günə qədər 400 ton silah-sursat daşınıb. Hətta, bu silahların pulsuz verildiyi də bildirilir. Düzdür, Rusiyanın Ermənistana silah "hədiyyə" etməsi məsələsi yeni deyil. Yeni olan yalnız zaman və geosiyasi şəraitdir. Vaxt var idi ki, Rusiya 1 milyard dollarlıq silah yardımı etmişdi Ermənistana. Yəni, 1990-cı illərin ortalarından başlayaraq Rusiyanın Ermənistanı silahlandırması bir reallıqdır. Vaxtilə general-mayor Lev Roxlinin 1997-ci ildə Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışını, sonradan onun öldürülməsi məsələsini yəqin ki hər kəs xatırlayır.

Rusiyanın Ermənistanı silahlandırmasını davam etməsi işğalçı ölkəyə dəstəkdir. Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Xüsusilə də, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT MQ-nin həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir. Eyni zamanda, silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir. Lakin o da heç kəsə sirr deyil ki, Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir.

Qardaş ölkə Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması geosiyasi tələbə çevrilib. Çünki faktlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir. Bu, artıq geosiyasi tələbə çevrilib.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş