Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərinin rabitə və kommunikasiya problemlərinin həllinə çalışır



Newscenter.az.16.08.2020. "Seçki dövründə rayonumuzun kəndlərini, ən ucqar nöqtələrini gəzdikcə, əhalinin rastlaşdığı problemləri dinlədikcə özümə söz vermişdim ki, rastlaşdığım heç bir problemi diqqətdən kənarda saxlamayacağam".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Əminə Ağazadə səsləndirib. Deputat qeyd edib ki, həmin vaxtlarda ona edilən müraciətlərin çoxunda kəndlərdəki rabitə məsələləri qeyd edilirdi:

"Telefon xəttlərinin köhnəlməsindən, internet əlaqəsinin olmamasından şikayət olunurdu. Yaxşı xatırlayıram ki, Cəyli, Topal Həsənli, Sovla, Qarasaqqal, Qarabucaq kimi iri yaşayış məskənlərində əhali görüşlərdə digər yerli problemlərdən əvvəl rabitə məsələlərini diqqətdə saxlamağımı xahiş edirdilər. Bu cəhət əslində kənd camaatının, elimizin, obamızın insanlarının yeniliyə, təhsilə nə qədər dəyər verdiyinin nümunəsi idi və bu məni çox sevindirirdi.
Məlumat üçün bildirirəm ki, tərəfimdən yerli Telekommunikasiya Qovşağının rəhbərliyi ilə əlaqə saxlanılıb, rabitə sahəsindəki hazırki vəziyyət, şəhər mərkəzində, kəndlərdə rabitə xəttlərinin, internet əlaqəsinin səviyyəsi haqqında məlumat alınıb".

Əminə Ağazadə bildirib ki, ona təqdim edilən məlumatlar əsasında Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə məktub ünvanlayıb:

"Məktubda Kürdəmir rayonunun ərazisində rabitə və internet xəttlərinin mövcud vəziyyəti qeyd edilib, ümumilikdə rayonun bütün kəndlərində problem olaraq qalan rabitə-kommunikasiya sahəsində çatışmamazlıqlar öz əksini tapıb. Ümid edirəm ki, müvafiq qurumlar xahişlərimizi nəzərə alacaq, günümüzün ən vacib tələblərindən olan kommunikasiya problemlərinin həllində öz köməkliklərini əsirgəməyəcəklər. İnanıram ki, hətta ən ucaq kəndimizdə də uşaqlar, gənclər, hər bir vətəndaşımız keyfiyyətli rabitə xidmətindən yararlana biləcəklər".

Mehman
Xəbəri paylaş