Newscenter.az.17.08.2020. Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.
Newscenter.az-a AQTA-dan bildirilib ki, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.
Eləcə də bu məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Orxan