Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasına hazırlığa başlayır



Newscenter.az.20.08.2020. Bu il Azərbaycanda və ümumilikdə bütün dünyada COVİD-19, koronavirus pandemiyasının sürətlə yayılması, 22 milyondan çox insanın yoluxması , 700 mindən çox insanın isə vəfat etməsi nəticə olaraq bizləri daha sayıq olmağa və daha az itki ilə bu mübarizədən çıxmağa sövq edir.

Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi idarəçilik modeli tətbiq etdi. Bu idarəçilik Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələr tərəfindən yüksək qiymətləndirildi. Bu mübarizədə əsas faktor kimi insan həyat və sağlamlığının qorunması Prezident İlham Əliyev tərəfindən xüsusi olaraq prioritet müəyyənləşdirildi. Azərbaycanın beynəlxalq arenada nüfuzu, habelə rəhbərlik etdiyi Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi mötəbər beynəlxalq təşkilatların tarixdə ilk dəfə olaraq COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş onlayn Zirvə Görüşlərini təşkil etməsi və bu mübarizədə hər bir insanın qorunmasına, birgə daha yaxşı nəticələrin əldə olunmasının mümkün olduğuna çağırış etmişdir.

Eyni zamanda Azərbaycan dünya dövlətlərini Birləşmiş Millətlər Təşkilatının COVİD-19 virusu ilə bağlı xüsusi sessiyasının keçirilməsinə səsləmişdir. 120-dən artıq ölkə Prezident İlham Əliyevin təşəbbüsünü və BMT-nin xüsusi sessiyasının çağırılmasını dəstəkləmişlər.

2020-ci ilin sentyabr ayında ilk dəfə onlayn formatda BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasının keçirilməsi, həmçinin 17 məqsədi birləşdirən Dayanıqlı İnkişaf Məqsədlərinin beş illiyinin qeyd olunması da qərara alınmışdır.

BMT Baş Assambleyasının Prezidenti xüsusi məktubla COVİD-19 pandemiyası ilə bağlı xüsusi sessiyanın BMT-nin 75 illik yubiley sessiyası çərçivəsində keçirilməsini Azərbaycan və Kanadaya həvalə etmişdir.

Məhz bu sessiyanın keçirilməsində əlaqələndirmə işlərinin Azərbaycana həvalə olunması bir daha COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın tətbiq etdiyi idarəçilik modelinin BMT tərəfindən yüksək qiymətləndirilməsinə bariz nümunədir.

Həmçinin, 2015-ci ildə BMT-nin üzv dövlətlərinin yekdil qərarı ilə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğ olunması, sənəddən irəli gələn tədbirlərin yüksək səviyyədə ölkəmizdə həyata keçirilməsi bir daha Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani sübutudur. 2020-ci il “Davamlı inkişaf hesabatı”na əsasən Azərbaycan regionda birinci, 166 ölkə arasında isə 54-cü yerdə qərarlaşmışdır.

Keçiriləcək 75-ci sessiya çərçivəsində DİM-in beş illiyinə həsr olunmuş xüsusi sessiyada Azərbaycanın idarəetmə modelinin digər dövlətlərə nümunə model kimi təqdim olunması istiqamətində geniş platforma yaranmışdır. Azərbaycan üçün hər zaman beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlıqda sülhün qorunması, əmin-amanlığın bərqərar olunması, tolerantlığın təbliği, insanların sağlam və sosial rifahda xoşbəxt yaşaması əsas prioritet istiqamətlər olmuşdur.

İstər pandemiya ilə mübarizədə, istərsə də DİM-in təbliği və 17 məqsədə çatmaq üçün icra olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan idarəetmə modelinin BMT-nin keçirilməsi gözlənilən yubiley sessiyasında bir daha təqdim olunması üçün hamılıqla, əlaqələndirilmiş və mərkəzləşdirilmiş qaydada cəmiyyətimizin, dövlət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyət göstərməklə səfərbər olmalarını zəruri edir.

Məzahir Əfəndiyev-Milli Məclisin deputatı
Xəbəri paylaş