Newscenter.az.20.08.2020. Daxili İşlər Nazirliyi (DİN) dələduzluq və ölümlə hədələnməyə məruz qaldığını bildirən vətəndaş G.Muradovanın şikayətinə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, dələduzluq etdiyi deyilən Vüqar Şirinov polis əməkdaşı deyil.
Nazirlik sözçüsünün sözlərinə görə, bu məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində müvafiq araşdırma aparılır:
“Şikayətçi G.Muradova dəfələrlə polis bölməsində olub, ondan müvafiq izahatlar alınıb və hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, G.Muradova Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxsin ona qarşı ümumilikdə 75 500 manatlıq dələduzluq etdiyini, pulu tələb etdikdə isə onun tərəfindən ölümlə hədələndiyini bildirib.
Şikayətçinin sözlərinə görə, V.Şirinov özünü Daxili İşlər Naziriyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili kimi təqdim edib və Gülüstan Ağayeva adlı xanımla əlbir olaraq dələduzluq yolu ilə pulunu ələ keçirib.