Newscenter.az.23.08.2020. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisində adları hələlik ictimaiyyətə açıqlamayan bir neçə sabiq məmur da iştirak edib.
Newscenter.az-a etibarlı mənbədən daxil olan məlumata görə, toya dəvət alıb orada iştirak edənlərdən biri sabiq baş prokuror Zakir Qaralovdur. Bundan başqa Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da sözügedən məclisdə iştirak etdiyi yayılan xəbərlər sırasındadır. Məlumat üçün qeyd edək ki, Tağı Əhmədovun Ramiz Mehdiyevin binası kimi tanınan və "Sahil" metrosunun üstündə ucaldılan hündürmərtəbəli yaşayış binasında mənzili var və orada yaşayır.
Mənbənin verdiyi xəbərə görə, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev və sabiq deputat, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov da sözügedən məclisdə iştirak edənlər arasında olub. Eyni zamanda sabiq təhsil naziri Misir Mərdanov da Mehdiyevin nəvəsinin toyuna dəvət edilənlər sırasında yer alıb.
P.S. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ