Newscenter.az.23.08.2020. “Azərbaycanın pandemiya ilə apardığı mübarizənin uğurlu nəticələnməsinin ən vacib meyarı birlikdir. Koronavirusun COVİD-19 növünün geniş yayılmasına qarşı tədbirlərin müsbət nəticələr verməsinin bir səsəbi həkimlərimizim qəhrəmanlığıdırsa, digər səbəbi də cəmiyyətimizin birlik, həmrəylik nümayiş etdirməsidir. Lakin bəzi məmurlar, o cümlədən akademiklər aşkar şəkildə karantin qaydalarını pozmaqla Azərbaycan dövlətinin və cəmiyyətinin birlikdə əldə etdiyi uğurları şübhə altına almaq cəhdi kimi qiymətləndirilməlidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova səsləndirib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya ilə mübarizə sahəsində əldə olunmuş müsbət irəliləyişləri nəzərə alaraq avqust ayının 10-dan etibarən bir sıra məhdudiyyətləri aradan qaldırıb, bəzi qaydalarla bağlı isə yumşaldıcı tədbirlər tətbiq edib. Lakin bunların kütləvi tədbirlərin, toy və yas mərasimlərinin keçirilməsinə heç bir aidiyyatı yoxdur:
“Belə olan halda bəzi məmurların toylar təşkil etməsi heç anlaşılan deyil və cəmiyyətimizin bu cür özbaşınalıqlara sərt reaksiyası tam haqlı və anlaşılandır”.
QHT sədri qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qərarlar Azərbaycan cəmiyyətinin sağlamlığını, başqa sözlə, səhiyyə təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul edilir.
“Bu tədbirlər ölkə qanunlarına uyğun şəkildə tətbiq edilir. Operativ Qərargahın tətbiq etdiyi qaydaları pozanlar, daşıdığı statusa güvənib “yaxşı eləmişəm” deyənlər, müxtəlif yerlərdə karantin rejiminin qaydalarını pozanlara qarşı cəzaların tətbiqini bəyan edib özləri bu qaydalara riayət etməyənlər ciddi yanılırlar. Hər kəs əməlinə görə cavab verəcək, heç kim məsuliyyətdən yayına bilməyəcək. Çünki, Azərbaycan Respublikasında heç kim qanundan üstün ola bilməz”.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışı pandemiya ilə mübarizədə cəmiyyətimizin bütün qüvvəsini səfərbər etməsinə, həmrəyliyimizin daha da möhkəmkəmlənməsinə təkan verdi” deyən Büllur Məmmədova bildirib ki, bir toy mərasimi ilə özlərinin məsuliyyətsiz mahiyyətini üzə çıxaran bəzi insanlar dərk etməlidirlər: “Bu mübarizədə hər bir kəsin mənəvi məsuliyyətindən Azərbaycanın sağlam gələcəyi asılıdır”.
QHT rəhbəri sosial statusundan, mövqeyindən, irqindən və cinsindən asılı olmayaraq, bir daha bütün vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşmağa, bunlara ciddi şəkildə tam məsuliyyəti ilə riayət etməyə çağırdı.
NEWSCENTER.AZ