Newscenter.az.27.08.2020. Lənkəran rayonunda əhalinin bir-neçə istiqamət üzrə rahat hərəkətini təmin edən, keçdiyi ərazilər boyu kənd təsərrüfatı və sənayenin birbaşa inkişafına şərait yaradan, bununla da sosial-rifah halına müsbət təsir edən avtomobil yollarının yenidən qurulması yekunlaşmaq üzrədir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, ümumi uzunluğu 38.6 km olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulur. Bu rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 km-lik hissəsidir.
Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb, yol əsasın alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin payız aylarında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə və texnika cəlb olunub.
Anar