Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəhruz Məhərrəmov: "Bir təbəqə sahibkarı digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır?"



Newscenter.az.28.08.2020. “Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Gömrük Komitəsi bu dəyişikliyi büdcə daxilolmalarının artırılması və yerli sahibkarların müdafiəsi istiqamətində mühim addım kimi dəyərləndirib. Açığı bu mövqe ilə mən də razıyam”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, bu həqiqətən büdcəyə də müsbət təsir edəcək, yerli sahibkara da:

“Bu öz yerində. Lakin unutmayaq ki, istənilən qərar ikibaşlı olur və o zaman səmərəli sayılır ki, xeyiri zərərdən çox olsun. Təəssüf ki, bütün mühim tərəflərini vurğulamaqla, bu qərarının ziyanının xeyirindən çox olması qənaətindəyəm. Daha dəqiq desəm, bu qərar əsassız məhrumiyyətlər yaratmaqla dövlətin ali məqsədlərinə ziddir. Fikrimi bir neçə bənddə izah etməyə çalışacam. İlk olaraq ondan başlayaq ki, qərar ölkədə sosial narazılıq yarandı. Dövlət başçısı bu böhran şəraitində şəxsən böyük cəsarət və humanistlik nümayiş edib çox ciddi bir yükün altına girdi, heç bir sosial layihəni təxirə salmadı, üstəlik son 7 ayda 3,5 milyard pul xərclədi ki, ölkədə sosial narazılıq olmasın, vətəndaşların rifahı və güzaranı pozulmasın. Indi fiziki şəxslərin sifariş etdiyi 2 dəst paltarın rüsumu üçün xalqı narazı salmağa dəyərdimi?”.

Deputat deyir ki, Konstitusiyanın 15-ci maddəsi ilə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. İndiki halda Gömrük Komitəsinin mağaza sahiblərinin vəziyyətini düşünməsi həqiqətən alqışalayiqdir, lakin, unudulur ki, bu müdafiə tədbiri adı altında son vaxtlar təşəkkül tapmış daşıyıcı şirkətlər faktiki olaraq məhv edilməkdədir:

“Bir təbəqə sahibkarı digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır? Digər çox vacib məqam, qarşıdan payız-qış mövsümü gəlir, heç koronavirus olmasa da belə, bu mövsümdə adətən infeksion xəstəliklərin geniş yayılır. COVİD 19-un ikinci dalğasının qorxusu ilə yaşadığımız bir dövrdə, mağazada bir paltarı 10 nəfərin soyunub geyinməsi yaxşıdır, yoxsa hər kəsin fərdi qaydada internetlə sifariş etməsi? Başqa bir vacib məqam limitin təsbit olunduğu rəqəmin özü ilə bağlıdır, tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil. Ən nəhayət və mənim üçün ən vacib məqam, bilənlər bilir ki, təmsil etdiyim Biləsuvarda bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqinə görə ərzağından geyiminə qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir, hər hansı biləsuvarlının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr edə bilməyəcək. Ona görə də sizə zəhmət, bu insanları narazı salmayın, unutmayın ki, büdcə elə uğrunda narazı saldığınız bu insanlar üçündür. Nəzərə alın, çox həssas dövrdür, insanların güzəşt gözlədiyi bir vaxtda həqiqətən bu radijal addımların nə zamanı nə də yeri idi”.

Mehman
Xəbəri paylaş