Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat şəmkirli sahibkarlarla görüşüb, onların problemləri ilə maraqlanıb



Newscenter.az.29.08.2020. 99 saylı Şəmkir kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Nurlan Həsənov seçiciləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən deputat deyib ki, əvvəlcə yerli sahibkarlarla görüş keçirilib:

"Sahibkarlarımızın problemləri ilə birbaşa tanış olduq. Sahibkarlarımızın əsas problemi qaz pulu borcunun olmasıdır. Bildirdiklərinə görə, 2017-ci ildə Tarif Şurasının qərarından sonra, 3 ildə 11 milyon manata yaxın qaz pulu borcu yaranıb. Bu müddət ərzində istifadə olunan qazın 68%-i ödənilib, 32%-ni isə ödəmək mümkün olmayıb. Minlərlə insan üçün iş yeri (təxminən 15.000, mövsümdə hətta 25.000) anlamına gələn istixana sahibləri qaz pulunu tam ödəyə bilməmələri səbəbindən fəaliyyətlərini dayandırmağa, və ya xaricə üz tutmağa başlayıb. Əsasən də İran və ya Rusiyaya (Dağıstan) üz tuturlar Sahibkarlar bildirir ki, dəyişiklikdən öncə 1 hektar istixana üçün mövsümlük (təxminən 5 ay) əgər 25.000 manat vəsait ödəməli idilərsə, indi bu məbləğ 2 qat artaraq təxminən 50.000 manat təşkil edir"

Deputatın sözlərinə görə, əgər 2017-ci ildə Şəmkirdə 72 hektar yeni istixana salınmışdısa, 2019-da cəmi 3,2 hektar yeni istixana salınıb: "Bəziləri istixanalarını satışa qoyub. Şəmkir kənd təsərrüfatı sahəsində öz aktivliyi ilə hər zaman seçilib, lakin qeyd edilən problemlər sahibkarlarımızın xarici bazarda rəqabət qabiliyyətinə mənfi təsir edir. Bütün bunlar isə nəticədə, dövlətimiz üçün strateji əhəmiyyət daşıyan, qeyri-neft sektoru məhsullarının ixracında azalmağa gətirib çıxara bilər. Odur ki, nəsə etməliyik".

Nurlan Həsənov deyib ki, qarşılaşdığı digər mühüm bir problem, dövlət balansında olan, yəni elektrik xərcləri dövlət büdcəsi hesabına ödənilən subartezian quyularının bəzi hallarda yalnız bir sahibkar tərəfindən özəl mülkiyyət kimi istifadə edilməsi (yiyələnmək zor gücünə) və digər sakinlərin, xırda sahibkarların subartezian quyusundan istifadə etməsinə imkan/ icazə verməməsidir:

"Bu isə xırda sahibkarlığın inkişafına maneə törədə bilər və burda korrupsiyaya yol vermə ehtimalı mövcuddur. Dövlət balansında olan subartezian quyusuna yiyələnmək nə deməkdir? Su qıtlığının yaşandığı bir dövrdə suyun ədalətli bölgüsü təmin edilməlidir. Başqa bir problem bəzi hallarda subartezian quyularının hansı kənd və ya qəsəbənin ərazisində yerləşməsi ilə bağlıdır. İcra nümayəndəlikləri bu mövzuda diqqətli olmalıdır. Başqa kəndin ərazisində yerləşən subartezian quyusu barədə digər kəndin icra nümayəndəliyinin hər hansı sənəd və ya icazə verməsi həlli çətin olan mübahisələr yaradır".

NEWSCENTER.AZ
Xəbəri paylaş