Newscenter.az.30.08.2020. Bu gün xəbər saytlarında ən çox diqqətimi çəkən başlıqlar məhz Aşura günü ilə, bu gün Aşura mərasimi keçirmək istəyənlərin tutulması və ya cərimələnməsi ilə bağlı oldu. "Bakının 3 rayonunda Aşura mərasimi keçirənlər saxlanıldı", "Masallı və Lənkərandan gələn dindarlar Qubada tutuldu", "Bakıda Aşura mərasimi keçirənlər cərimələndi", "Şəmkirdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı", "Tərtərdə məsciddə toplaşanlar cərimələndi", "Lənkərandan gizli yolla Qubaya Aşuraya gələn dindarlar saxlanıldı", "Ceyranbatan məscidinin axundu və 28 nəfər cərimələnib" və sair bu kimi xəbər başlıqları bu gün bütün saytların əsas ana xəbərinə çevrilib. Əlbəttə, bunda saytların heç bir günahı yoxdur. Saytlar sadəcə baş vermiş hadisəni işıqlandırırlar. Məsuliyyət karantin qaydalarını pozaraq əzadarlıq məclisi keçirmək istəyənlərin üzərinə düşür.
Operativ Qərargahın xəbərdarlıqlarına və ruhanilərimizin çağırışlarına baxmayaraq bu gün bəzi dindarlarımız orda-burda toplaşmağa, yürüşlər təşkil etməyə, mərsiyyə oxumağa və sair ayinlər icra etməyə cəhd göstərdilər. Halbuki onlar bilirdilər ki, bu il məhz pandemiyaya görə dini ayinlərin məscidlərdə kütləvi şəkildə keçirilməsi məsləhət görülmür. Çünki koronavirus infeksiyasına yoluxma riski hələ də yüksək olaraq qalmaqdadır. Belə bir şəraitdə insanların kütləvi şəkildə bir araya yığılmağa cəhd göstərməsi nə qəhrəmanlıq, nədəki yüksək iman göstəricisi deyil. Əksinə, bu hərəkət başqalarının həyatına, sağlamlığına səhlənkar yanaşmaq və xor baxmaq deməkdir.
Zənnimcə, İslam dini də ayrı-ayrı fərdlər tərəfindən topluma qarşı bu cür eqoist və saymazyana hərəkətə xoş baxmır. Biz hazırda olduqca həssas bir dönəmdən keçirik. Bu mənada, indi hər kəs özünü karantin tələblərinə uyğunlaşdırmalıdır. Heç kim öz səhlənkar davranışı ilə başqalarının sağlamlığını təhlükə altına atmamalıdır. Nəzərə almalıyıq ki, pandemiya da müvəqqətidir. Odur ki, biraz səbirli, təmkinli olmalıyıq. Əminəm ki, inşAllah xalqımız qarşıdakı illərdə milli-mənəvi dəyərlərdən uzaq düşmək məcburiyyətində qalmayacaq. İnsanlar məscidlərdə öz inanclarını sərbəst şəkildə ifadə etmək imkanı əldə edəcəklər.
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri