Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı kimyaçı alim vəfat edib



Newscenter.az.31.08.2020. Kimya elminə ağır itki üz verib.

"Report" xəbər verir ki, Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirib, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olub. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanıb və sənaye miqyasında tətbiq edilib.

AMEA-nın müxbir üzvü T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkə hüdudlarından kənarda təmsil edib.
Xəbəri paylaş