Newscenter.az.5.09.2020. Sentyabrın 4-də "Ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək" adlı tvinninq layihəsinin Rəhbər Komitəsinin videokonfrans formatında birinci iclası keçirilib. İclasda DGK Katibliyinin rəisi Anar Süleymanov, İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqı, İtaliya Gömrük və İnhisar Agentliyinin, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.
Newscenter.az-a DGK-dan bildirilib ki, iclas ilk 6 ay ərzində layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə dair iş planının müzakirəsi və təsdiq edilməsi məqsədilə keçirilib.
Veb-konfransda bütün tərəflər çıxış edərək, layihə ilə bağlı məqamları ətraflı müzakirə ediblər. Qeyd olunub ki, sentyabrın 7-dən etibarən təsdiq edilən iş planına uyğun olaraq layihə üzrə müvafiq fəaliyyətlərə də başlanılacaq.
Xatırladaq ki, Avropa İttifaqının maliyyə, İtaliya Gömrük və İnhisar Agentliyin ekspert dəstəyi ilə cari ilin iyun tarixindən etibarən həyata keçirilən layihə ölkəmizin Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması üçün hüquqi, texniki və prosedur imkanlarının uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinə dəstək verilməsini nəzərdə tutur.
Layihə "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1 bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasının təmin edilməsinə yönəlib.
Zaur