Newscenter.az.7.09.2020. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilib.
Newscenter.az-a ASK-dən bildirilib ki, iclas turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yolları və dövlətin dəstək mexanizmləri, “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarın müzakirəsinə həsr olunub . İclasda ASK-nın vitse-prezidenti, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, eləcə də vitse-prezidentlər Jalə Hacıyeva və Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.
ASK-nın vitse-prezidenti Zakir Nuriyev bildirib ki, pandemiyanın iqtisadiyyata təsirləri ilə bağlı mart ayından başlayaraq bir sıra qərarlar qəbul edilib və yaradılmış komissiyalardan biri də Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərir. “Konfederasiyanın prezidenti Məmməd Musayevin imzası ilə Azərbaycan Mərkəzi Bankına pandemiyadan zərərçəkən sahə olaraq turizm sektorundakı biznes sahələrinə yardımın göstərilməsilə əlaqədar müraciət edilib. Mərkəzi Bank bu məsələni müzakirə edərək, İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə əlavə müraciətlər edilməsini tövsiyə edib. Eyni zamanda, bağlanmış banklarda qalmış sahibkarların aktivlərin reallaşdırılması ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək banklarda vəsaiti qalmış təşkilatların həmin aktivlərinin çıxarılması yollarının onlarla müzakirə edilməsi tövsiyə olunub”, - deyən Z.Nuriyev hazırda banklar tərəfindən mövcud kreditlərin 30 sentyabr tarixinədək restrukturizasiya edildiyini vurğulayıb.
Konfederasiyanın vitse-prezidenti Jalə Hacıyeva banklardakı və BOKT-lardakı problemli kreditlərlə bağlı sahibkarların bankdakı kuratorları ilə məsləhətləşmələr aparmasını təklif edib.
Sonra sahibkarlar bir illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na dəyişikliklərlə bağlı təkliflərini veriblər.
Görüşün sonunda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov dövlət-özəl əməkdaşlığı platfotrmasından istifadə edərək çətinliklərin həllinə birgə nail olunacağını vurğulayıb. V.Zeynalovun təklifi ilə sahibkarların banklardakı problemli kreditləri ilə bağlı statistikanı formalaşdırmaq qərara alınıb ki, bununla bağlı mövcud mənzərə tam formalaşdırılsın.
Zaur