Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub



Newscenter.az.7.09.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Regionların 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunu yenidən qurub.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, yol ölkənin regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə uyğun təkmilləşdirilməsi işləri aparılıb. Ümumi eni 15 metr olan yola 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində həmçinin yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunub. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılıb, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsü inşa olunub. Yolun 1,8-ci km-də, 3,1-ci və 38,8-ci km-də inşa edilən körpülərin uzunluqları 28 və 32,5 metr təşkil edir. Yolun 3,7-ci km-də, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü də təmir olunaraq gücləndirilib.

Bundan başqa köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün 61 mövcud boru yenilənib, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidinin inşası yekunlaşdırılıb. Layihəyə uyğun olaraq yol boyu 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

Anar
Xəbəri paylaş