Newscenter.az.8.09.2020. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə uğurla inkişaf etməkdədir. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirir. İstər Azərbaycanda, istərsə də Türkiyədə yeni hökumət fəaliyyətə başlayan zaman yüksək vəzifəli dövlət xadimlərinin ilk xarici səfərlərini Ankaraya və Bakıya etmələri əlaqələrin qarşılıqlı etimad və inam əsasında qurulmasından xəbər verməklə yanaşı, dünyaya “Bir millət, iki dövlət" deyiminin reallığı əks etdirdiyini təsdiqləyən mühüm ismarıc da göndərir.
Son 30 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermişdir. Vaxtaşırı keçirilən Şuranın iclaslarında bütün sahələrdə, o cümlədən, hərbi sahədə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və bir çox sahələrə dair birgə əməkdaşlıq üçün mühüm sənədlər imzalanmışdır.
Türkiyə, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına da hər zaman yardım göstərmişdir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində orduda kadr çatışmazlığı mövcud idi. Türkiyə bu zaman Azərbaycanda kadrların hazırlanmasına və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynadı. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident vurğulayıb: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Türkiyənin Azərbaycana verdiyi dəstək kimi, Azərbaycan da beynəlxalq aləmdə Türkiyəyə dəstək verir. Bir çox hallarda ölkə başçımız Türkiyənin təmsil olunmadığı beynəlxalq tədbirlərdə Türkiyənin haqq səsinin carçısı olur. Bunun son nümunəsini cənab İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən müşahidə etdik.
Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı