Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın "Qafqaz-2020" hərbi təlimlərində iştirakdan imtina etməsi tamamilə doğru qərardır



Newscenter.az.8.09.2020. Azərbaycanın "Qafqaz-2020" adı altında keçiriləcək hərbi təlimlərdə iştirakdan imtina etməsi tamamilə doğru qərardır. Bizim hərbçilərimizin təcavüzkar Ermənistanın hərbçiləri ilə birgə təlimlərə qatılması anlamsız olardı. Rusiya Müdafiə naziri Sergey Şoyqunun bu yaxınlarda ölkəmizə səfəri zamanı Rusiyada keçiriləcək "Qafqaz-2020" təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməsini təklif etməsi, onun Ermənistanın ərazilərimizin 20 faizini işğal etməsi faktını nəzərə almamasından irəli gəlib.

Rusiya bizi müxtəlif vasitələrlə işğalçı ölkə ilə bir araya gətirməyə və işğal faktını arxa plana keçirməyə çalışır. Ancaq rəsmi Bakı üçün isə bu məsələ olduqca prinsipial məsələdir. Məhz bu baxımdan Müdafiə naziri Zakir Həsənovun "Qafqaz-2020" təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməsi təklifini qəbul etməməsini düzgün addım hesab edirəm. Ermənistan öz işğalçı siyasətindən imtina etmədikcə, bizim hərbçilərimizin bu işğalçı ölkənin hərbçiləri ilə hər hansı bir təlimdə birgə iştirak etməsindən söhbət belə gedə bilməz. Bu mümkün deyil. Əks təqdirdə, bu bizim torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə barışmağımız kimi başa düşülə bilər. Odur ki, rəsmi Bakının bu məsələdə yürütdüyü prinsipiallıq təqdirə layiqdir.

Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri



Xəbəri paylaş