Newscenter.az.8.09.2020. Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Əldə edilən nailiyyətlərə baxmayaraq, savadlılıq sahəsində problem aktual olaraq qalır, çünki dünyada azı 773 milyon yaşlı insanın baza savadı yoxdur.
Milli Məclisin deputatı Eldəniz Səlimov Newscenter.az-a deyib ki, Beynəlxalq Savadlılıq Gününün bu ilki mövzusu insanın ömür boyunca təhsil alması məsələsini əhatə edərək, ictimaiyyətin diqqətini gənclər və yaşlı insanlara yönəldir. Deputatın sözlərinə görə, COVID-19 böhranı siyasi diskurs və reallıq arasındakı uyğunsuzluğu sərt şəkildə xatırladıb:
“Koronavirus pandemiyasına qədər də mövcud olan bu uyğunsuzluq ya savadı olmayan, ya da yetərincə savadı olmayan və bu səbəbdən müxtəlif çətinliklərlə qarşılaşan gənclərin və yaşlıların təhsil almasına mənfi təsir edib. Ölkələrin çoxunda pandemiyadan əvvəlki dövrdə təhsil sahəsində ilkin tədbir planlarında yaşlı insanlar arasında savadlılığın yayılması üzrə proqram olmayıb. Digər tərəfdən, COVID-19 böhranı gənclər və yaşlılar arasında savadlılığın yayılması ilə, habelə tədris və təlimlə məşğul olan insanlara təsirsiz ötüşməyib”.
Eldəniz Səlimov qeyd edir ki, sərmayələrin təhsil və savadlılığa yatırmaqla insanın şərəf və ləyaqətinin qorunmasına, inkişafa və sülhə imkanlar yaratmaq olar:
“Bir çox ölkələrin nəzərə çarpan uğurlarına baxmayaraq, 860 milyondan çox böyüklər savadsız qalır və 100 milyondan çox uşaq məktəbə getmir. Məktəbə və ya digər təhsil proqramlarına daxil olan saysız-hesabsız uşaqlar, gənclər və böyüklər getdikcə mürəkkəbləşən bu gün dünyada savadlı sayılmaq üçün tələb olunan səviyyəyə cavab vermirlər. 50-dən az ölkə ümumtəhsil təhsilinə çıxış təmin edir. Dünyanın yetkin əhalisinin təxminən 20% -i savadsızdır. Bu ilki Beynəlxalq Savadlılıq günü pandemiya ilə mübarizə üçün və postpandemiya dövründə gənclər və yaşlılar arasında savadlılığın yayılması üzrə proqramlarda təhsil sahəsində innovativ və səmərəli yanaşmalardan, təlim metodlarından necə istifadə olunması məsələsi üzərində düşünməyə və bu barədə müzakirə aparmağa imkan yaradır. Bu əlamətdar gün müəllimləri dəstəkləməyə və tədrisə kömək göstərə biləcək səmərəli siyasi strategiyalar, sistemlər, idarəçilik metodları və tədbirləri ilə yanaşı, pedaqoqların rolunu təhlil etmək baxımından da önəmlidir. Savadlılıq insan hüquqlarından biridir, fərdi azadlıqlar və imkanların genişləndirilməsi vasitəsidir, ayrı-ayrı insan potensialının və bütövlükdə cəmiyyətin inkişafı üçün bir vasitədir. Əlavə təhsil almaq imkanları savad səviyyəsi ilə də müəyyən edilir. Savadlılıq hamı üçün əsas təhsil mərkəzidir, yoxsulluğun aradan qaldırılması, əhali artımının məhdudlaşdırılması, davamlı inkişafın, sülhün və demokratiyanın təmin edilməsi üçün bir şərtdir.
Parisdə keçiriləcək virtual konfrans vasitəsilə UNESCO COVID-19 pandemiyasından sonrakı dövrdə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndinə nail olmaqda gənclər və yaşlılar arasında tədris və təlimin yenidən qiymətləndirilməsi məqsədilə ümumi qlobal diskussiya təşkil olunacaq. Bu əlamətdar gündə Beynəlxalq Savadlılıq Mükafatı da onlayn təqdim ediləcək”.
Deputat bildirib ki, zaman keçdikcə insanların əksəriyyəti bir insanın şəxsiyyət kimi formalaşmasında savadın ilk rollardan birini oynadığını başa düşürlər:
“Təhsilli insanların həyat yolu ilə getməsi daha asandır, qapıları açıqdır, potensiallarını reallaşdıra, istedad və bacarıqlarını inkişaf etdirə bilərlər. Savadlılıq təkcə bir hüquq deyil, həm də hər kəs üçün bir borcdur. Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb”.
NEWSCENTER.AZ