Newscenter.az.8.09.2020. “Son zamanlar təhsil sahəsində aparılan islahatlar, bu sahəyə göstərilən diqqət hər kəsə bəllidir. Yeni təhsil ocaqlarının açılışı, yenilənməsi, bütövlükdə təhsil infrastrukturunun genişlənməsi başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, bu yaxınlarda açılışı olan Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı tədris korpusunun və ADA Universitetinin yeni korpusları, o cümlədən Nizami rayonundakı 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri və bu təhsil ocağının yeni korpusunun açılışı təhsilə göstərilən diqqətin əyani sübutudur:
“Qeyd etmək istərdim ki, dövlətimizin uğurlu təhsil siyasəti hər bir azərbaycanlıya və ölkəmizin hüdudlarından kənarda yaşayan milyonlarla insana məlumdur və gənclərin təhsilinə verilən önəm, onların gələcəklərinin parlaq olması və dövlətə faydalı olması prinsipi bu siyasətin ayrılmaz hissəsidir və bu prinsiplər hər zaman yüksək tutulur.
Cənab Prezidentə məktəbin açılışında iştirakı və göstərdiyi qayğıya görə təşəkkürümüzü bildiririk və arzu edərdik ki, Nizami rayonunda təmirə ehtiyacı olan digər təhsil ocaqları və bağçalar da tez bir zamanda bərpa olunsun və fəaliyyətini davam etdirsin”.
Anar