Newscenter.az.8.09.2020. “Azərbaycan Prezidenti Cənab İlham Əliyevin “qeyd-şərtsiz Türkiyənin yanındayıq” deyə səsləndirdiyi fikirlər Türkiyə üçün qürurvericidir”.
Bu fikirləri Newscenter.az-a İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin sədri Səfər Karakoyunlu səsləndirib. O, bildirib ki, İlham Əliyevin məlum çıxışı Türkiyəyə büyük bir dəstəkdir:
“Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq bağları çox uzun illərə dayanır. Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir”. “Heydər Əliyevin də “Biz bir millət, iki dövlətik” fikirləri eyni məna kəsb etməkdədir. Bu gün iki ölkənin prezidentləri və xalqı eyni missiyanı, bu siyasəti davam etdirməkdədir”.
İSTAD sədri deyib ki, Cənab Prezident İlham Əliyev Azərbaycana yeni təyin edilmiş yunanıstanlı səfiri qəbul edərkən “qeyd-şərtsiz Türk xalqının yanındayıq” ifadəsi, Türk xalqı və Türkiyə dövləti tərəfindən böyük bir məmnunluqla və sevgi ilə qarşılanıb:
“Bu çıxış Türkiyəyə həssas günlərdə böyük bir dəstək oldu. Bu isti və səmimi çıxış, dəstək, sağlam təməllərə sahib iki qardaş ölkənin hər sahədə bir-birinin yanında olduğunun təzahürüdür. Prezident İlham Əliyevin bu qürurverici dəstəyi ilk deyildir. Daha öncə də Azərbaycan Prezidenti bir çox platformada, Türkiyənin yanında olduqlarını bəyan etmişdir. Prezident Rəcəb Tayyib Ərdoğan da, Azərbaycanla bağlı çıxışlarında “Qarabağ milli davamızdır. Biz bir milletik, sözdə deyil, əməldə bir-birimizin yanındayıq” demişdir. Bu gün Azərbaycan bölgədəki bütün qərarları Türkiyəni düşünməklə alır. Türkiyə də eyni siyasəti həyata keçirir. Bu birlik və dayanışmanın hər keçən gün, daha da güçlənəcəyinə inanırıq. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı və birliyi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevə sonsuz təşəkkürlər”.
Mehman