Newscenter.az.8.09.2020. Bundan öncə bir status yazaraq, “insan törətdiyi qanunsuzluğa görə həbs olunub çıxandan sonra niyə ağlayıb üzr istəməlidir?” kimi ritorik sual verdim. Statusa müxtəlif cavab xarakterli şərhlər yazıldı və ona görə də yeni bir status paylaşmağa qərar verdim.
Bu statusumda, həm həmin suala, həm də onunla bağlı bir sıra digər məqamlara aid subyektiv fikirlərimi qeyd etmək istərdim.
Çox təəccüblüdür ki, məşhur toyun müəllifləri əslində qanunsuzluqdan savayı, həm də ciddi utanc gətirən həmin mövzunun qapadılmasına çalışmaq əvəzinə, sanki onu uzatmaq və gündəmdə saxlamaqda maraqlıdırlar. Adamlar ailəlikcə kənar şəxslərə, xüsusilə də sadə vətəndaşlara nəinki yuxarıdan baxır, hətta nümayişkaranə şəkildə belə, insanları hər addımda alçaltmağa və hədə qorxu gəlməyə adət ediblər. Cəmiyyətin və xalqın qəzəbinə və hiddətinə səbəb olan elə bir hadisədən sonra, çox böyük dövlətçilik təcrübəsi olan və dünənə qədər ölkəmizdə söz və fikir azadlığının olduğunu iddia edən akademik, çıxıb onu tənqid edənləri, barəsində yazanları təhdid edir, ayrıca konkret şəxslərin siyahısını (siyahıdakı bəzi adların hədəf və ya hədəfdən yayındırmaq məqsədilə yazılma ehtimalı başqa bir mövzudur) dərc edərək onları hədələyir.
Kürəkəni isə, dövlətə və xalqa qarşı etdiyi qanunsuzluğa görə məhkəmə qaydasında həbs olunur, həbs yerinin qapılarından aralanmamış, ad çəkərək kimlərisə ünsür adlandırır, toya görə və ya toydakı qərəzli çəkilişə görə başqasını ittiham edir və elə ordaca hansısa saytı tapıb cəzalandıracağını (məhkəmə qaydasında deyil, özü) iddia edir. Necə olur ki, adam bir tərəfdən əməlinə görə özünü günahkar bilib bağışlanmasını istəsin, digər tərəfdən də elə bu əməli ilə bağlı başqalarını ittiham eləsin?! Zənnimcə insanın bir neçə saniyə ərzində səsləndirdiyi bir cümlədə həm ağlayaraq bağışlanmasını istəməklə yanaşı, həm də, dərhal ardınca kimisə tapıb cəzalandıracağını deməsi heç vaxt səmimi ola bilməz məncə. Olsa, olsa burda məqsəd, üzrxahlığını ünvanladığı şəxslərin adını çəkməklə, hazırki həssas məqamda cəmiyyətin nifrət və qəzəbinin istiqamətini məqsədyönlü şəkildə dəyişmək niyyəti ola bilər?
Olmaz, əsla olmaz, bu təfəkkürdə olan insanlarla belə bir dövrdə dövləti idarə etmək! Xüsusilə də, çox da böyük olmayan müstəqillik tarixinə malik, daim diqqət mərkəzində və eyni zamanda da, müharibə vəziyyətində olan Azərbaycan kimi dövləti!
Xəyal Bəşirov-siyasi ekspert